Sensasion xəbərdarlıq: Üçüncü Dünya müharibəsi artıq başlayıb?backend

Sensasion xəbərdarlıq: Üçüncü Dünya müharibəsi artıq başlayıb?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə dünyada artan geosiyasi qarşıdurmalar, regional müharibələr və böyük dövlətlər arasında rəqabət beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva da bu təhlükəli tendensiyalara diqqət çəkərək mümkün Üçüncü Dünya müharibəsinin bəşəriyyət üçün son dərəcə ağır nəticələr doğura biləcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə nüvə silahlarının mövcudluğu belə bir münaqişəni əvvəlkilərdən qat-qat dağıdıcı edə bilər. Lula da Silva eyni zamanda BMT kimi beynəlxalq qurumların müasir çağırışlara adekvat reaksiya verməkdə çətinlik çəkdiyini vurğulayıb. Ekspertlər hesab edir ki, qlobal təhlükəsizliyin qorunması üçün çoxtərəfli diplomatiya, dialoq və beynəlxalq hüququn gücləndirilməsi vacibdir. Mövcud vəziyyət fonunda dünya nizamının yenidən formalaşması ilə bağlı müzakirələr də daha da aktuallaşıb.

Mövzu ilə əlaqədar politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Üçüncü Dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıqlar fonunda davam edən münaqişələrin qlobal savaşa çevriləcəyi barədə proqnozlar hər zaman səsləndirilib.

Onun sözlərinə görə, hətta hazırda Üçüncü Dünya müharibəsinin proksi qüvvələr vasitəsilə artıq davam etdiyi barədə fikirlər də mövcuddur:

“Yeni dünya düzəninin formalaşması prosesinin tərkib hissəsi kimi baş verən bu müharibələri müəyyən mənada Üçüncü Dünya müharibəsinin elementləri hesab etmək olar. Lakin əsas reallıq ondan ibarətdir ki, böyük güclərin nüvə silahına malik olması və beynəlxalq aktorların hərbi imkanlarının nəyə qadir olduğu barədə ümumi təsəvvürün formalaşması fonunda genişmiqyaslı dünya müharibəsi ehtimalı çox aşağı, hətta yox səviyyəsindədir.

Məsələ ondadır ki, bu gün aparılan müharibələr göstərir ki, adı çəkilən güclər iddia olunduğu qədər mükəmməl hərbi potensiala sahib deyillər və müasir müharibənin qaydalarına uyğun şəkildə savaş aparmaq imkanları məhduddur. İstər ABŞ, istər Rusiya, istərsə də Avropa belə bir müharibəyə başlamaq gücündə deyil. Çinin hərbi gücü barədə praktiki məlumat az olsa da, dolayı göstəricilər onun da imkanlarının rəqiblərindən ciddi şəkildə fərqlənmədiyini ortaya qoyur”.

Azər Qasımov qeyd edib ki, beynəlxalq təşkilatların həm regional, həm də qlobal problemlərə təsir imkanları demək olar ki, yoxdur.

“Bu vəziyyət daha çox onların imkanlarından deyil, laqeyd münasibətindən qaynaqlanır. Problemlərə ikili standartlarla yanaşılması zamanla həmin təşkilatların nüfuzunu sıfıra endirib. Hegemon dövlətlərin fərdi maraqları ön plana keçib. Nəticədə dünya bir neçə dövlətin maraqlarının girovuna çevrilib.

Hesab edirəm ki, BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatların daxili strukturu və fəaliyyət mexanizmlərində ciddi islahatlar aparılmalıdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalı, qurumun hərbi strukturu yaradılmalı və beynəlxalq münaqişələrə operativ müdaxilə imkanına malik qüvvə formalaşdırılmalıdır. NATO və dünyada qarşıdurma yaradan digər hərbi təşkilatlar, o cümlədən KTMT ləğv edilməlidir. Dünyada yeganə beynəlxalq hərbi qurum kimi BMT-nin bütün dövlətlərin iştirakı ilə formalaşan hərbi strukturu fəaliyyət göstərməlidir”.

//Gülnarə Abasova, Editor.az