Türkiyə məktəblərində baş verən silahlı hücumlar Azərbaycanda da narahatlıq yaradıb. Bu fonda uşaq, yeniyetmə və gənclərlə bağlı profilaktik tədbirlərin gücləndirilməsi müzakirə olunur.
Hansı tədbirlər planlaşdırılır? Onların teleserialların, sosial medianın və onlayn oyunların mənfi təsirinə düşməməsi üçün necə addımlar atıla bilər? Universitet və orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mümkündürmü?
Globalinfo.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, heç kimin gözləmədiyi vaxtda Türkiyədə belə bir hadisənin baş verməsi sosial medianın cəmiyyətə və ictimai proseslərə təsirinin getdikcə artdığını göstərir:
“Ona görə də gənclərin qorunması istiqamətində daha ciddi yanaşmaya ehtiyac var. Hazırda dünyada gedən proseslər bu sahənin nəzarətdə saxlanmasını zəruri edir. Əks halda, oxşar halla biz də üzləşə bilərik. Bu istiqamətdə dövlət müəyyən addımlar atır və görülən işlər əhəmiyyətlidir. Məqsəd cəmiyyətdə gənclərin sağlam mühitdə formalaşmasını təmin etməkdir”.

Ceyhun Məmmədov
Deputat bildirib ki, məktəblilər arasında bu cür proseslərin sürətlə inkişaf etməsi əlavə risklər yaradır:
“Gələcəkdə bu risklərin qarşısını almaq üçün daha geniş və sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Çünki belə silahlı hücumların artma ehtimalı yüksəkdir və zamanla daha açıq şəkildə özünü göstərə bilər. Ona görə də bu sahədə kompleks yanaşma tətbiq olunmalı, müxtəlif istiqamətlər üzrə təsirli tədbirlər görülməlidir. Təhsil və tərbiyə sahəsində işlər gücləndirilməli, zərərli oyunların qarşısı müxtəlif üsullarla alınmalı, eyni zamanda, təhlükəsizlik mexanizmləri daha da möhkəmləndirilməlidir. Bu addımlar uşaqların, yeniyetmələrin və gənclərin gələcəyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Qeyd edək ki, 14-15 aprel tarixlərində Türkiyənin Kahramanmaraş və Şanlıurfa bölgələrində məktəblilərə qarşı silahlı hücum baş verib. Şanlıurfadakı hadisə nəticəsində 18 nəfərin yaralandığı, Kahramanmaraşdakı hücumda isə 9 nəfərin öldüyü, 13 nəfərin isə xəsarət aldığı bildirilir.

