“Müharibə yalnız bir şərtlə bitər, əgər Rusiya…”- Şahin Cəfərlidən AÇIQLAMAbackend

“Müharibə yalnız bir şərtlə bitər, əgər Rusiya…”- Şahin Cəfərlidən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lvov şəhərində Ukrayna prezidenti Volodimir Zelenski, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi arasında keçirilən üçtərəfli görüşün ciddi nəticələri olmadı”.

Bu fikirləri Editor.az-a açıqlama verən politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, bu hal sürpriz deyil: “ Ukrayna tərəfinin mövqeyi görüş ərəfəsində də çox ciddi şəkildə məlum idi.  Türkiyə tərəfi görüşdə Rusiya ilə sülh danışıqlarına başlanılması məsələsini qaldırıb. Bu ilin mart ayında İstanbulda Ukrayna və Rusiya arasında aparılan danışıqlarda müzakirə olunan məsələlərin müzakirəsini davam etdirməyi tələb edib. Lakin Ukrayna bununla razılaşmayıb. Ukraynanın şərti bundan ibarətdir ki, Rusiya işğal etdiyi ərazilərdən çəkilməyə söz versin, yalnız bundan sonra bu məsələni müzakirə etmək olar. Ukrayna öz mövqeyini kifayət qədər sərtləşdirib güzəştsiz mövqe tutur. Buna görə də Türkiyə prezidenti Ərdoğanın bu missiyası uğurla nəticələnməyib. Burada Türkiyənin marağı ondan ibarətdir ki, müharibə dayansın. Çünki müharibə davam edib, daha da sərtləşdikcə Türkiyənin bu məsələdə tutduğu hazırkı balans mövqeyini davam etdirmək çətinləşir. Türkiyə həm Ukrayna, həm də Rusiya ilə çox yaxın münasibətlərə malikdir. Hal-hazırda bu konfliktdə vasitəçi missiyasını üzərinə götürməyə çalışır. Məsələdə bitərəf mövqedədir”.

Politoloq qeyd edir ki, müharibə davam etdikcə Türkiyənin bu bitərəf mövqeyi davam etdirməsi asan olmayacaq və Türkiyə tərəflərdən birinə üstünlük verməyə məcbur olacaq: “ Belə bir vəziyyətdə isə Türkiyə NATO üzvü olaraq, Qərb blokunun təmsilçisi kimi Ukraynanı dəstəkləməli olacaq. Bu isə Türkiyənin Rusiya ilə münasibətlərini poza bilər. Halbuki Türkiyənin indiki hökuməti Rusiya ilə çox sıx və dərin münasibətlər qurub və həmin münasibətləri də inkişaf etdirməyə çalışır. Bu baxımdan müharibənin dayanması Türkiyəyə sərf edir. Beləliklə o da müharibənin gedişində seçim etmək məcburiyyətində qalmaq istəmir. Başqa bir tərəfdən müharibənin davam etməsi dünya enerji bazarında gərginliyə səbəb olub. Enerji qiymətləri artır, Türkiyənin əsas idxal məhsulları olan neft və qazın qiymətinin artması Türkiyə iqtisadiyyatına neqativ təsir göstərir. Enerji qiymətlərinin artması Türkiyədə inflyasiyanın artmasına səbəb olur. Hazırda Türkiyə seçki ərəfəsindədir. Gələn il həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Ölkədə isə sosial-iqtisadi vəziyyət pisləşməkdə davam edir”.

Şahin Cəfərlinin sözlərinə görə, Ukraynanın maraqları ondan ibarətdir ki, mövcud durumda atəşkəsə gedərsə, bu konfliktin növbəti dəfə dondurulmasına səbəb olacaq və Rusiya ordusu həm işğal etdiyi ərazilərdə möhkəmlənəcək, həm də Rusiya komandanlığı ötən 5 aydan çox müddətdə verdiyi itkiləri kompilyasiya etmək imkanı əldə edəcək: “ Bir sözlə Rusiya vaxt qazanmış olacaq. Ukrayna isə  bu vaxtı Rusiyaya vermək istəmir. Hazırda cəbhə xəttində Rusiya ordusunun yavaş-yavaş imkanlarının tükəndiyi müşahidə olunur. Əvvəlki intensivliyindən, gücündən məhrum olmaqdadır. Bu isə Ukraynaya ərazilərinin ən azı bir qismini geri qaytarmaq şansı yaradır. Ukrayna da bu şansı əldən qaçırtmaq istəmir. Ona görə də Ukraynanın atəşkəs təklifini qəbul etməyəcəyi Lvovdakı görüşdən əvvəl də məlum idi. Bu baxımdan görüşün nəticələri və Zelenskinin mövqeyi heç də sürpriz olmadı”.
 
//Safura Bənnayeva, Editor.az