Rusiya səfiri: “ABŞ-ın Ukraynada münaqişəyə birbaşa qoşulma riskləri artır”backend

Rusiya səfiri: “ABŞ-ın Ukraynada münaqişəyə birbaşa qoşulma riskləri artır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın şərqində 23-27 sentyabr tarixlərində keçirilmiş “referendum” nəticəsində Rusiya Federasiyasının tərkibinə daxil olunmuş yeni ərazilər, eyni zamanda, Krım rəsmi Moskva tərəfindən müdafiə olunacaq.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiyanın “Birinci kanal”ının efirində deyib.

Onun sözlərinə görə, rusiyalı diplomatlar amerikalı həmkarlarının nəzərinə çatdırmağa çalışır ki, “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətləri, habelə Krım Rusiyanın ayrılmaz hissəsidir və bu ərazilər ABŞ-ın Ukraynaya verdiyi silahla vurulur.

“Bizim ərazilərimizə zərbə endirmək qətiyyən yolverilməzdir. Ukraynalılar bizim ərazilərimizi Amerika silahları ilə vurur”, – Antonov əlavə edib.

O vurğulayıb ki, ABŞ-ın Ukraynadakı münaqişəyə birbaşa qoşulma riskləri artır. Rusiya ilə gərgin münasibətlər səbəbindən Antonov ABŞ-ı dost ölkə adlandırmayıb: “Deyə bilmərəm ki, ABŞ dost ölkədir. Onları bəlkə də həmkar adlandırmaq olar, lakin həmsöhbət adlandırmaq daha uyğundur”.

Qeyd edək ki, ABŞ mediasında rəsmi Vaşinqtonun Ukrayna hərbçilərinə Krım və Rusiyanın birləşdirdiyi 4 vilayətə hərbi zərbələr endirmək üçün icazə verməsi ilə bağlı xəbərlər yayılır.

APA