Şabran və İsmayıllıda baş verən yanğınlar söndürüldü – YENİLƏNİBbackend

Şabran və İsmayıllıda baş verən yanğınlar söndürüldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-in mətbuat xidmətinin məlumatına görə, yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib.

Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

10:28

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-in mətbuat xidmətinin məlumatına görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

09:24

Şabran rayonunda ötən gün baş verən yanğın zamanı yarım hektar meşə sahəsi yanıb.

Şabran RİH başçısının müavini İlkin Ağayev bu barədə Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, Çuxurzəmi kəndinin dağlıq meşə massivində baş verən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Amma hazırda ərazidə tüstülənmə ocaqları qalıb.

FHN-in yanğınsöndürmə texnikası və işçi qüvvəsi, meşə təsərrüfatı işçiləri tüstülənən yerlərin söndürülməsi işlərini həyata keçirirlər.

İlkin Ağayev Şabranda qeydə alınan yanğının yenidən baş verməsinə gəlincə isə bildirib ki, burada insan faktorunun olması istisna edilmir. Bununla bağlı araşdırma gedir.