"Turbyern Yaqland bəzi dairələrin "sifarişlərini" yerinə yetirir"

15:58 | 29 Sentyabr, 2017

“Azərbaycan 16 ildir ki, Avropa Şurasının tamhüquqlu üzvü kimi qurumla qarşılıqlı maraqlara söykənən əməkdaşlıq istiqamətində üzərinə düşən öhtəlikləri layiqincə yerinə yetirir.
İstər insan hüquq və azadlıqlarının qorunması, istərsə də digər demokratik islahatlar istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilir. Təəssüf ki, bəzi hallarda Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqeyini görürük. Münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq istiqamətində inkişaf etməli olduğu halda, qurum rəsmilərinin bəzən Azərbaycana qarşı ədalətsiz münasibəti ikili standartların bariz nümunəsidir. Bu isə qəbuledilməzdir”. Milli.Az xəbər verir ki, bunu KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, Avropa Şurasının baş katibi Turbyern Yaqlandın Azərbaycanla bağlı son fikirləri haqlı olaraq ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub: “Turbyern Yaqland Avropa Şurasına üzv ölkələrin səfirləri ilə görüşündə Azərbaycanı qurumdan uzaqlaşdırmaq hədəsi ilə çıxış edib. Səbəb kimi isə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilməməsini göstərib. Nəzər yetirsək görərik ki, bu məhkəmənin minlərlə qərarı Avropa Şurasının müxtəlif ölkələri tərəfindən icra edilməyib. Hətta qurumun minlərlə qərarı hələ də kağız üzərində qalıb. Bu mənada Turbyern Yaqlandın ölkəmizə qarşı qərəzli mövqeyi başadüşülən deyil.”
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu şəxs hər zaman ölkəmizə qarşı aparılan çirkin kampaniyalarda ön sıralarda olub: “Təbii ki, ölkəmizin beynəlxalq miqyasda artan mövqeyi, güclənən nüfuzu dost ölkələri sevindirdiyi kimi, düşmənləri də qıcıqlandırır. Şübhəsiz ki, Avropa Şurasından ölkəmizə qarşı səslənən qərəzli fikirlərin arxasında antimilli qüvvələrin, erməni lobbisinin barmağı var. Qərbdə bəzi qurumlar və ayrı-ayrı şəxslər əllərində olan imkanlardan istifadə edərək demokratiya adı altında bir sıra dövlətlərə təzyiq və təsir etmək istəyirlər. İslamofob və ermənipərəst dairələr isə bu istiqamətdə xüsusi fəallıq göstərirlər. Ancaq Azərbaycanla bu dildə danışmaq qeyri-mümkündür. Ölkəmiz bu cür ucuz təhdidlərə cavab vermək gücündədir. Heç kim müstəqil siyasət yürüdən Azərbaycanın daxili işlərinə qarışa bilməz.”
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu gün Azərbaycan Avropa üçün etibarlı və strateji tərəfdaşdır: “Təkcə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirdiyi qlobal layihələri yada salmaqla bu faktı təsdiq etmiş olarıq. Bu gün bütün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” ən yüksək səviyyədə dəstəklənir, ölkəmizin bu layihənin həyata keçirilməsindəki rolu yüksək qiymətləndirilir. Azərbaycanın bu kimi möhtəşəm uğurlara imza atdığı bir vaxta ölkəmizə qarşı səsləndirilən belə yaramaz fikirlər böhtan və qarayaxmadan başqa bir şey deyil. Sual oluna bilər: əgər Avropa Şurasının baş katibi Turbyern Yaqland insan hüquqlarından dəm vurursa, nə üçün bircə dəfə də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini pisləyən bəyanat verməyib? Bu işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımızın hüquq və azadlıqlarını müdafiə etməyib? Göründüyü kimi, Turbyern Yaqlandın niyyəti ümumbəşəri maraqları, insan hüquq və azadlıqlarını müdafiə etmək deyil, ayrı-ayrı dairələrin sifarişlərini yerinə yetirməklə qeyri-obyektiv, ədalətsiz fikirlər səsləndirməkdir”.
//APA