Rüsum dərəcələrinin dəyişdirilməsi neqativ nəticələrlə də sonlana bilər-İqtisadçı ekspertbackend

Rüsum dərəcələrinin dəyişdirilməsi neqativ nəticələrlə də sonlana bilər-İqtisadçı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət rüsumları dövlət büdcəsinin gəlir mənbələrindən biridir. Sözügedən haqq və ödəniş müəyyən dövrdən bir yaranmış real vəziyyətə uyğun olaraq və müvafiq zərurətə əsasən artırıla və yaxud azaldıla bilər. Bunda müxtəlif iqtisadi və siyasi amillər əsas rol oynayır”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, ölkəmizdə növbəti ildən 266 sayda dövlət rüsumlarının mövcud məbləğlərinə yenidən baxılaraq artırılması zərurəti rəsmi olaraq mövcud məbləğlərin maya dəyərdən aşağı olması ilə izah edilir:

“Qeyd olunub ki, bir sıra dövlət rüsumları 15 il bundan qabaq müəyyən edilib və o zamandan dəyişdirilməyib. Ötən müddət ərzində isə baş vermiş inflyasiya və digər iqtisadi proseslərlə əlaqədar dövlət rüsumlarının məbləğləri maya dəyərindən aşağı düşüb. Lakin dövlət rüsumlarının sayının və məbləğlərinin artırılması istənilən halda ilk növbədə dövlət büdcəsinə gəliri artırmaq məqsədi daşıyır. Növbəti ildə isə dövlət büdcəsinin xərcləri çox olacaq. Buna, dövlət başçımız İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əsas yaradacaq. Dövlət rüsumları üzrə mənbə isə elədir ki, iqtisadi aktivlik passiv vəziyyətdə olduqda belə nisbətən dayanıqlı və axıcı əhəmiyyət kəsb edir. Yəni, rüsumları qaldırmaqla büdcəyə mədaxili istənilən halda artırmaq mümkündür. Odur ki, rüsumlara baxılması və dəyişdirilməsi əsas etibarı ilə növbəti ildə artacaq xərcləri qarşılamaq üçün əlavə bir kömək və vasitə məqsədi daşıyır. Ancaq sözsüz ki, bəzi təyinatlı dövlət rüsumlarının inflyasiya prosesi göstəricilərindən yüksək həddə artırılması və ümumiyyətlə, rüsum dərəcələrinin mövcud iqtisadi imkanlar çərçivəsində dəyişdirilməsi effektiv nəticə əvəzinə, neqativ nəticələr ilə sonlana bilər. Düzdür, ilkin hesablamalara görə, sözügedən artımlardan büdcəyə əlavə olaraq 100 milyon manatdan çox əlavə vəsait daxil olmalıdır ki, bu, böyük bir rəqəm olmasa da, hər halda mühüm dəstəkdir. Ancaq bunu toplam şəkildə deyil, mərhələli olaraq da həyata keçirtmək olardı”.

//Gülnarə Abasova, Editor.az