Almaniya kansleri Fridrix Merz Avropa İttifaqına üzv olan bütün ölkələrin Ukraynaya dəstək göstərməli olduğunu bəyan edib.
Merz bildirib ki, Avropa İttifaqının gələcək büdcəsi hazırlanarkən Ukraynaya maliyyə yardımının davam etdirilməsi əsas prioritetlərdən biri olmalıdır.
Onun sözlərinə görə, Ukraynaya dəstəyin zəiflədilməsi Avropanın ümumi təhlükəsizlik maraqlarına ziddir.
Bu məsələ Avropa İttifaqında 2028-ci ildən başlayacaq uzunmüddətli büdcə müzakirələri fonunda gündəmə gəlib.
Almaniya kansleri müdafiə xərclərinin artırılması və Avropanın rəqabət qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, Ukraynaya yardımın bütün üzv dövlətlər arasında bölüşdürülməsini istəyir.
Slovakiyanın baş naziri Robert Fitso isə Merzin bu mövqeyini tənqid edərək onu siyasi təzyiq göstərməkdə ittiham edib.
Müşahidəçilər hesab edirlər ki, Ukraynaya maliyyə yardımı məsələsi yaxın dövrdə Avropa İttifaqının daxilində ciddi siyasi müzakirələrə səbəb olacaq.
//Samir Qurbanov, Editor.az

