Yaponiya hökuməti büdcə məhdudiyyətləri səbəbindən qarşıdakı beş il üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaltmağı nəzərdən keçirir.
Editor.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyi müdafiə ehtiyacları üçün 50–60 trilyon yen (təxminən) ayrılmasını təklif edir. Bu məbləğ Müdafiə Nazirliyi və hakim partiyanın tələb etdiyi 80 trilyon yendən xeyli azdır.
Büdcənin bu səviyyədə azaldılması silah və hərbi texnika satınalmaları üzrə proqramlara ciddi təsir göstərə bilər. Xüsusilə, raket sistemlərinin və aviasiya texnikasının, o cümlədən F-35 qırıcılarının alınmasına ayrılan vəsaitin iki dəfəyədək azaldılması gündəmdədir.
Maliyyələşdirmənin nəzərdə tutulan səviyyədə müəyyənləşdirilməsi Yaponiyanın müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizinə çatdırmaqla bağlı strateji hədəfinə nail olmasını da çətinləşdirə bilər.
Yaponiya hökuməti ilin sonunadək yenilənmiş müdafiə sənədlərini təsdiqləməlidir. Həmin sənədlərdə ölkənin hərbi potensialının modernləşdirilməsi üçün real maliyyə imkanları və prioritet istiqamətlər müəyyən ediləcək.
//Gülnarə Abasova, Editor.az

