İnfarkt hər zaman döş qəfəsində kəskin ağrı ilə müşayiət olunmur. Bəzi hallarda ürək tutmasının ilkin əlamətləri mədə yanmasına bənzər qarın nahiyəsində narahatlıq, ürəkbulanma və həzmsizlik hissi şəklində özünü göstərə bilər.
Editor.az xəbər verir ki, bu barədə bərpa təbabəti üzrə həkim, nevroloq Aleksey Mamatov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, bu əlamətlər soyuq tər, nəfəs darlığı və ümumi zəifliklə də müşayiət oluna bilər. Xüsusilə qadınlarda, yaşlı insanlarda və şəkərli diabetdən əziyyət çəkən şəxslərdə infarktın simptomları ənənəvi əlamətlərdən fərqlənə bilər. Belə hallarda qeyri-adi halsızlıq, nəfəs darlığı və həzm pozğunluğuna bənzər narahatlıq daha qabarıq müşahidə oluna bilər.
Həkim bildirib ki, infarkt zamanı ağrı başgicəllənmə ilə müşayiət oluna, döş qəfəsinə, kürəyə, qola və ya çənəyə yayıla bilər. Bu əlamətlərdən hər hansı biri müşahidə edildikdə dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Xəstənin özbaşına avtomobillə xəstəxanaya getməyə çalışması tövsiyə edilmir.
Mamatov qeyd edib ki, mədə-bağırsaq sistemi ilə bağlı ağrılar, adətən, qida qəbulu və ya bədənin vəziyyəti ilə əlaqəli olur və digər həzm əlamətləri ilə müşayiət edilir. Bununla belə, narahatlığın ürəklə əlaqəli olmadığını yalnız simptomlara əsasən tam əminliklə söyləmək mümkün deyil. Buna görə də şübhəli hallarda həkim müayinəsi vacibdir.
Bundan əvvəl kardioloq Anastasiya Poskakalova da infarktın qeyri-tipik əlamətlərinə diqqət çəkib. Onun sözlərinə görə, infarkt zamanı ağrı təkcə döş sümüyünün arxasında deyil, döş qəfəsinin digər hissələrində, qarında və kürəkdə də hiss oluna bilər. Nəfəs darlığı, soyuq yapışqan tər, ürəkbulanma, qusma və ürək döyüntüsündə pozuntular da mümkün simptomlar sırasındadır.
Kardioloq bəzi hallarda infarktın heç bir aşkar əlamət olmadan da baş verə biləcəyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

