Rusiyada “xarici agentlər” üzərində nəzarətin sərtləşdirilməsinə cavabdeh olan yüksəkvəzifəli məmurla bağlı qalmaqallı araşdırma dərc edilib. Ədliyyə nazirinin müavini Oleq Sviridenkonun rəsmi sənədlərdə göstərmədiyi keçmiş həyat yoldaşının təxminən bir milyard rublluq daşınmaz əmlaka sahib olduğu bildirilir.
Bu barədə “Explainer” layihəsi araşdırma yayıb.
Araşdırmaya görə, Sviridenko 1999-cu ildə rəqqasə Natalya Poluyçikdən rəsmən boşanıb və sonrakı illərdə gəlir bəyannamələrində onun adını göstərməyib. Lakin jurnalistlərin əldə etdiyi məlumatlar onların münasibətlərinin davam etdiyini göstərir.
Belə ki, cütlük 2021-ci ildə birlikdə Dubaya uçub, daha əvvəl isə Alp dağlarında istirahət edib. Natalyanın Türkiyədə gündəlik kirayəsi 1200 avro olan “Cleopatra” VIP yaxtasında istirahət etdiyi də bildirilir.
Məmurun maaşı üç dəfə artıb
Nəşrin məlumatına görə, Ukrayna müharibəsi dövründə Sviridenkonun aylıq maaşı üç dəfə artaraq 1,76 milyon rubla çatıb.
Halbuki onun açıqlanmış əmlak bəyannaməsində yalnız 99 kvadratmetrlik mənzil, Toyota avtomobili və köhnə “Volqa” göstərilib.
Rəqqasənin adına milyonlarla rubl və dəbdəbəli mülklər
Araşdırmada bildirilir ki, Natalya Poluyçik Moskvanın rəqs məktəbində ayda 160 min rubl qazanır. Bununla belə, onun bank hesablarında 111 milyon rubl əmanət var. Təkcə illik faiz gəliri təxminən 16 milyon rubl təşkil edib.
Qadının adına rəsmiləşdirilmiş daşınmaz əmlakın ümumi dəyərinin isə bir milyard rubla yaxın olduğu iddia edilir.
Bu əmlaka Moskvanın elit “Snegiri Eko” yaşayış kompleksində 236 kvadratmetrlik mənzil, Troitskdə 900 kvadratmetrlik ev, Moskva vilayətində üç torpaq sahəsi olan malikanə və Soçidə apartamentlər daxildir.
Maraqlıdır ki, uzun müddət Poluyçik soyadından istifadə edən Natalya son vaxtlar yenidən Sviridenko soyadı ilə təqdim olunur. Oktyabrda “Proam Magazine” jurnalının üz qabığında da onun adı Natalya Sviridenko kimi göstərilib.
Araşdırma qrupu bu faktların məmurun gəlir bəyannamələrinin tamlığı və ailə sərvətinin mənşəyi ilə bağlı ciddi suallar yaratdığını vurğulayır.
Musavat.com

