Niderlandın Baş naziri Rob Yetten hakim koalisiyanın tərəfdaşları arasında yaranmış fikir ayrılıqlarından sonra təcili məsləhətləşmələr keçirmək qərarına gəlib.
Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, mübahisə parlamentdə vergi paketi ilə bağlı səsvermə zamanı dərinləşib. Baş nazirin təmsil olunduğu D66 partiyası və Xristian Demokratlar Partiyasının (CDA) bəzi nümayəndələri müxalifətin təklif etdiyi dəyişiklikləri dəstəkləyiblər.
Bu addım koalisiyanın üçüncü tərəfdaşı olan sağ-mərkəzçi VVD partiyasının narazılığına səbəb olub. Partiya nümayəndələri təklif olunan vergi dəyişikliklərinin biznes mühitinə və iqtisadiyyata mənfi təsir göstərə biləcəyini bildiriblər.
Rob Yetten koalisiyanın fəaliyyətində yeni mərhələyə ehtiyac olduğunu vurğulayaraq tərəfdaşları əməkdaşlığı davam etdirməyə çağırıb.
Hazırda əsas məsələ hökumət daxilindəki fikir ayrılıqlarının koalisiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyidir.
//Samir Qurbanov, Editor.az

