Elm və Təhsil nazirinin fəaliyyəti ciddi suallar doğurur: “Çıxış yollarından bəhs edin” – Tural Abbaslıdan SƏRT REAKSİYAbackend

Elm və Təhsil nazirinin fəaliyyəti ciddi suallar doğurur: “Çıxış yollarından bəhs edin” – Tural Abbaslıdan SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. Nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib:

“ Məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.

Ağ partiyanın sədri Tural Abbaslı Təhsil nazirinin çıxışı ilə bağlı Editor.az-a açıqlama verib.

“Yaxşı bir məsəl var. Hamı dəli olanda molla yanına gedir, molla dəli olanda hara getsin? Bir çox hallarda şahidi oluruq ki, məktəblərdə şagirdləri öyrətməyən eyni müəllimin repetitor hazırlığı zamanı şagirdləri yüksək bal toplayır. Bunun səbəbləri araşdırılmalıdır. Emin müəllim bildiyimiz bu məsələni sadəcə yenidən direktorların, müəllimlərin nəzərinə çatdırıb. Hörmətli təhsil nazirimiz direktorları danlamaqdan çox problemin həlli yollarından bəhs etsə, daha yaxşı olar”,- Tural Abbaslı deyib.

T. Abbaslı qeyd edib ki,  təhsil keyfiyyətinə birbaşa təsir edən bu məsələlər tezliklə öz həllini tapmalıdır:

” Niyə yalnız məktəbi bitirib hazırlıq kurslarına getməyən və ya gedə bilməyən şagirdlər universitetə girə bilmir? Bu problemlər araşdırılmalıdır. Müəllimə 300-400 manat maaş verdikdə o necə həvəslə nəsə öyrədə bilər? Təbii ki, belə olduqda müəllim repetitorluq fəaliyyətindən daha səmərəli istifadə edəcək. Məktəblər rüşvət ocağına çevrilibsə, orada hansı təhsilin keyfiyyətindən bəhs edilə bilər? Bu problemləri ifşa etmək Təhsil Nazirliyin işi deyil.  Nazirlik onların çıxış yollarını axtarıb araşdırmalıdır. Hesab edirəm ki, Emin müəllimin özünün fəaliyyəti artıq ciddi suallar doğurur. Nazir olduğu müddətdə onun təhsilin inkişafında gördüyü işlər artıq müzakirə olunmalıdır”.

//Gülnarə Abasova, Editor.az