İlham Haqverdiyev azadlığa buraxıldıbackend

İlham Haqverdiyev azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin “İstirahət evi”nin sabiq rəisi, mayor İlham Haqverdiyev barəsində hökm çıxarılıb.

Musavat.com xəbər verir ki, ittihama görə, o, Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) üzrə təqsirləndirilib və xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılıb.

İş materiallarında onun təkrar rüşvət əməli həyata keçirdiyi qeyd olunub.

Məhkəmə istintaqı zamanı dindirilən şahidlər ifadələrində ittiham tərəfinin versiyasını tam təsdiqləməyiblər. Onların sözlərinə görə, pul vəsaitləri işə düzəltmə ilə bağlı olaraq İlham Haqverdiyevin müavini, hazırda vəzifəsini icra edən Mübariz Qasımova verilib. Bu ifadələr iş üzrə sübutların qiymətləndirilməsində mühüm rol oynayıb və prosesin gedişinə təsir göstərib. Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib. Həmin maddə daha yüngül cəzanın təyin edilməsinə hüquqi imkan yaradır.

Qərara əsasən, İlham Haqverdiyevə 15 min manat cərimə cəzası verilib və o, məhkəmə zalında dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı “İstirahət evi”ndə bir sıra qanun pozuntuları aşkar olunmuşdu. Toplanmış materiallar Hərbi Prokurorluğa göndərilmiş, nəticədə İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilərək o, 2 ay 20 gün müddətinə saxlanılmışdı.