ABŞ-də alarm vəziyyəti: “İranla toqquşma an məsələsidir”backend

ABŞ-də alarm vəziyyəti: “İranla toqquşma an məsələsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyasının Konqreslə intensiv təmaslara başlaması Vaşinqtonun regionda formalaşan mürəkkəb geosiyasi vəziyyət fonunda həm daxili siyasi legitimlik qazanmağa, həm də Tehrana əlavə təzyiq rıçaqları yaratmağa çalışdığını göstərir. Bu mərhələdə atılan addımlar təkcə mümkün hərbi ssenarilərə hazırlıq deyil, eyni zamanda diplomatik manevr imkanlarının genişləndirilməsinə hesablanmış çoxşaxəli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Mövcud proseslərin inkişaf trayektoriyası Yaxın Şərqdə təhlükəsizlik balansına birbaşa təsir etdiyindən, region ölkələri, o cümlədən Azərbaycan üçün də diqqətlə izlənilən mühüm məsələdir.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ hazırda faktiki olaraq Yaxın Şərqdə ciddi hərbi-siyasi qarşıdurmanın içərisindədir və mövcud vəziyyətdən çıxış yolları axtarır:

“Hazırkı mərhələdə ABŞ İran üzərində tam üstünlük əldə edə bilməyib. Buna görə də Vaşinqton situasiyanı öz xeyrinə dəyişmək üçün müxtəlif ssenarilər üzərində işləyir. Xüsusilə ABŞ ilə İran arasında aparılan danışıqlarda Ağ Evin irəli sürdüyü əsas tələblər Tehran tərəfindən qəbul olunmayıb. Həmin şərtlər arasında İranın nüvə proqramının dayandırılması əsas yer tutur. Lakin İran bu tələblə razılaşmaq niyyətində deyil.

Əgər bu şərt qəbul olunmazsa, ABŞ qarşıya qoyduğu strateji məqsədə nail ola bilməyəcək. Çünki Yaxın Şərqdə gərginliyin əsas səbəblərindən biri məhz Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı fikir ayrılığıdır. Mövcud şəraitdə proses bu məsələ həll edilmədən dayandırılarsa, bu, ABŞ üçün ciddi siyasi reputasiya itkisinə çevrilə bilər. Məhz buna görə Vaşinqton müxtəlif vasitələrlə İranı geri addım atmağa məcbur etməyə çalışır. Hörmüz boğazı ətrafında yaranan gərginlik də bu təzyiq siyasətinin tərkib hissəsi kimi görünür.

Digər tərəfdən, ABŞ siyasi elitasında, eləcə də ictimai dairələrdə İranla mümkün qarşıdurmaya etirazlar güclənməkdədir. Tramp administrasiyasının sərt xətti ölkə daxilində birmənalı qarşılanmır. Hətta prezidentin hərbi qərarvermə səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı Konqresdə ilkin müzakirələrin aparıldığı bildirilir. Bu da göstərir ki, Yaxın Şərqdə yeni müharibə ssenarisi ABŞ cəmiyyətində və siyasi dairələrdə geniş dəstəyə malik deyil.

Bu baxımdan Tramp administrasiyası hazırda ciddi seçim qarşısındadır. Bir tərəfdən, proses mövcud şərtlərlə dayandırıla bilər ki, bu da ABŞ üçün zəiflik görüntüsü yaradar. Digər tərəfdən isə daha sərt və dağıdıcı hərbi mərhələyə keçid variantı gündəmdə saxlanılır. Lakin belə qərar ABŞ daxilində əlavə narazılıq dalğası yarada bilər. Buna görə də Vaşinqton hazırda həm siyasi dairələrlə məsləhətləşir, həm də daxili konsensus formalaşdırmağa çalışır”.

Politoloqun fikrincə, bu müzakirələrin aparılması eyni zamanda İrana yönəlik psixoloji və siyasi təzyiq vasitəsidir. Məqsəd Tehrana mesaj verməkdir ki, Vaşinqtonun şərtləri qəbul olunmasa, daha sərt mərhələ başlaya bilər.

“Yaxın günlərdə proseslərin nəticələri daha aydın görünəcək. Ya ABŞ ilə İran arasında müəyyən razılaşma əldə olunacaq, ya da qarşıdurmanın yenidən alovlanması ehtimalı güclənəcək. Bu isə Yaxın Şərqdə hərbi böhranın nəzarətdən çıxması, enerji marşrutları və regional təhlükəsizlik üçün yeni risklərin yaranması deməkdir. Belə şəraitdə Azərbaycan da daxil olmaqla region dövlətləri prosesləri xüsusi həssaslıqla izləməyə davam edəcəklər”.

//Gülnarə Abasova, Editor.az