Ermənistanda taleyüklü seçim: Paşinyan qalacaq, yoxsa Kreml geri dönəcək?backend

Ermənistanda taleyüklü seçim: Paşinyan qalacaq, yoxsa Kreml geri dönəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda qarşıdan gələn parlament seçkiləri təkcə daxili siyasi rəqabət deyil, həm də ölkənin geosiyasi istiqamətinin müəyyənləşməsi baxımından həlledici mərhələ hesab olunur. Seçki öncəsi müşahidə edilən siyasi qütbləşmə Ermənistan cəmiyyətində Qərb və Rusiya arasında seçim dilemmasını daha da dərinləşdirib. Mövcud şəraitdə proseslərin nəticəsi regionda sülh gündəliyinə, Azərbaycan-Ermənistan münasibətlərinin perspektivinə və Cənubi Qafqazdakı qüvvələr balansına birbaşa təsir göstərə bilər.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, bu ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcəyi baxımından tarixi yol ayrıcıdır:

“Bir çox siyasi ekspertlər həmin seçkiləri Ermənistanın gələcək inkişaf kursu və xarici siyasət istiqaməti üzrə faktiki referendum kimi qiymətləndirirlər. Xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlərin əldə olunduğu bir mərhələdə seçkinin nəticələri ciddi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, əsas siyasi mübarizənin hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası ilə rusiyalı iş adamı Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” Partiyası arasında gedəcəyi gözlənilir. Sonuncuya Rusiyanın açıq dəstək verdiyi bildirilir. Bununla yanaşı, Rusiyanın maraqlarına uyğun mövqe sərgiləyən, Moskvadan siyasi dəstək alan Robert Köçəryan və Qaqik Sarukyan kimi fiqurlar da seçki prosesində iştirak edirlər. Hətta bu yaxınlarda Kremldə Paşinyanla görüşən Rusiya Prezidenti Vladimir Putin rusiyameyilli qüvvələrin seçkilərə buraxılmasının vacibliyini Ermənistan baş nazirinin diqqətinə çatdırıb və rəsmi İrəvanın Avroatlantik məkana inteqrasiyasına qarşı olduğunu açıq şəkildə ifadə edib.

Məhz buna görə Paşinyan qarşıdakı seçkiləri keçmişlə gələcəyin mübarizəsi kimi təqdim edir. Ermənistan hazırda həqiqətən də tarixi seçim qarşısındadır: ya yenidən Rusiyanın təsir dairəsinə qayıdacaq, ya da qonşularla münasibətləri normallaşdıraraq və bu əməkdaşlıqdan faydalanaraq Qərbə inteqrasiya xəttini davam etdirəcək.

Seçkilərin nəticələri ilə bağlı proqnoz vermək lazım gələrsə, hesab edirəm ki, Rusiya Ermənistanda müxalifət mövqeyində qalacaq və seçkilər Nikol Paşinyanın qələbəsi ilə başa çatacaq”.

//Gülnarə Abasova, Editor.az