Kolumbiya Universitetinin Lamont-Doherty Yer Rəsədxanası və Turkana Hövzəsi İnstitutunun araşdırmalarına istinadən alimlər Afrika qitəsinin sürətlənmiş şəkildə parçalandığını və yeni okeanın formalaşmaqda olduğunu açıqlayıblar.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Afrika qitəsinin əvvəl düşünüləndən daha yaxın zamanda parçalanma mərhələsinə çatdığı müəyyən edilib. Qitənin şərq hissəsində, məşhur Turkana Rift zonasında Yer qabığının kritik dərəcədə nazildiyi bildirilir.
Mütəxəssislərin sözlərinə görə, kontinental ayrılma prosesi artıq xeyli irəliləyib. Rift zonasının mərkəzi hissəsində Yer qabığının qalınlığı cəmi 13 kilometr təşkil etdiyi halda, ətraf ərazilərdə bu göstərici 35 kilometrə çatır. Təxminən 500 kilometr uzunluğa malik Turkana Rift bölgəsi Böyük Afrika Rift Sisteminin əsas hissələrindən biridir.
Araşdırmalara əsasən, Afrika tektonik plitəsi hazırda Somali plitəsindən ildə təxminən 4,7 millimetr sürətlə tədricən uzaqlaşır. Bu proses uzunmüddətli perspektivdə yeni okeanın yaranmasına səbəb ola bilər.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında New York Times nəşri alimlərə istinadən yazmışdı ki, Kaliforniya, Oreqon və Vaşinqton ştatlarının sahil xətti boyunca uzanan tektonik qırılma zonası səbəbindən ABŞ-da böyük zəlzələ baş verə bilər.
Ekspertlər bildiriblər ki, Juan de Fuca tektonik plitəsi iki digər plitə arasında sıxışdığı üçün güclü gərginlik altındadır və bu vəziyyət yeni qırılma xətlərinin yaranmasına səbəb ola bilər.
//Gülnarə Abasova, Editor.az

