Ermənistan gərginliyi sərhəddə məqsədyönlü şəkildə artırırbackend

Ermənistan gərginliyi sərhəddə məqsədyönlü şəkildə artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Tavuş və Naxçıvan istiqamətində gərginliyi məqsədyönlü şəkildə anklavlara görə artırır. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini buraya yönəltmək və bu istiqamətdə vəziyyəti öz nəzarətlərinə almaqdır.

Editor.az  xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən “Elmi Araşdırmalar” ictimai birliyinin rəhbəri Telman Qasımov deyib.

“Lakin ordumuz sərhəddə vəziyyətə tam nəzarət edir. Düşmənin istənilən təxribatına cavab verməyə hazırdır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa hesablanıb.

Hər gün televiziya kanallarında anti-Azərbaycan təbliğatı gedir. Mülki əhalini həmin ərazilərə məcburi cəlb edərək, oranı tərk etməməyi tapşırırlar. Özləri vəziyyəti ağırlaşdırmaqla məşğuldurlar. Bundan başqa, Ermənistanın daxilində də vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var.

Aprelin 5-də ABŞ və Avropa İttifaqının Ermənistanla Brüsseldə toplantı keçirəcəyi üçün daxili qüvvələr hərəkətə keçib ki, bu görüş baş tutmasın”, – deyə o əlavə edib.

T.Qasımov bildirib ki, Ermənistanın cəbhədə törətdiyi son təxribatlarının arxasında müxtəlif qüvvələr durur.

“Vaşinqtonun məqsədi Rusiyanın mövqelərini zəiflətməkdir. Görünür, Ermənistan uğrunda Rusiya-Qərb mübarizəsi kəskinləşir. Paşinyan, demək olar ki, Rusiyanın üzərindən xətt çəkib. Rusiya hələlik bunlara dözümlülük nümayiş etdirir və diplomatik səviyyədə cavab verir”.

Qeyd edək ki, Müdafiə Nazirliyindən bildirilib ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.