Məlum olduğu kimi, Azərbaycanda dövlət məktəblərində vahid geyim qaydalarına edilən dəyişikliklər hicabın təhsil müəssisələrində məhdudlaşdırılması ilə bağlı mübahisələrə səbəb olub. Bu qərar dünyəvilik və dini etiqad azadlığı arasındakı tarazlıq məsələsini yenidən gündəmə gətirib. Hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı xəbərlər etirazlara səbəb olub. Türkiyədə bəzi hakim partiya nümayəndələri məhdudiyyətləri tənqid edib, Azərbaycan tərəfi isə bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Bu mübahisə iki ölkə arasında mövcud olan strateji müttəfiqliyə, ictimai rəyə və «Bir millət, iki dövlət» prinsipinin siyasi müstəvidə qəbuluna təsir göstərə bilər.
Maraqlıdır, Azərbaycanda məktəblərdə hicabın məhdudlaşdırılması ətrafında yaranmış mübahisələr Türkiyə–Azərbaycan münasibətlərinə hansı siyasi və ictimai təsirləri göstərə bilər və bu məsələ iki ölkənin strateji müttəfiqliyinə xələl gətirə bilərmi?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda vahid məktəbli formasının tətbiqinin mahiyyətinin nədən ibarət olduğu düzgün dərk edilməlidir.
“Bu sualın cavabı dərk edilmədən bəzi ölkələrdəki müxtəlif dairələr bunu hicab qadağası kimi təqdim etməyə çalışdılar. Bu isə, əslində, hər şeydən əvvəl bir dövlətin daxili işlərinə qarışmaq deməkdir. Hansısa ölkə hər hansı məsələ ilə bağlı qərar qəbul edirsə, biz onların daxili işlərinə qarışmırıq. Amma çox təəssüf ki, kimsə özündə mənəvi haqq tapdı ki, Azərbaycanın daxili işlərinə də qarışmaq olar. Mənə elə gəlir ki, Azərbaycan xalqının və Azərbaycan cəmiyyətinin verdiyi yerində reaksiya onlara yaxşı bir cavab oldu.
Türkiyə–Azərbaycan münasibətlərinə gəldikdə isə, bu münasibətlər hansısa siyasi dünyagörüşün diktə etdiyi münasibətlər deyil. Türkiyə–Azərbaycan münasibətləri iki xalqın siyasi iradəsinin diktə etdiyi münasibətlərdir. Ona görə də bu gün hansısa hakim dairədə kimsə müəyyən dini düşüncənin daşıyıcısıdırsa, həmin düşüncəni sadəcə özünə aid hesab etməli, onu dost və qardaş ölkələrlə münasibətlərə aid etməməlidir və edə də bilməz.
Ona görə də mən düşünürəm ki, Türkiyə–Azərbaycan münasibətləri sarsılmazdır, əbədidir, qardaşlığa və iki xalqın iradəsinə əsaslanır. Bu münasibətlər tarixin qədim qatlarından bəri çoxsaylı sınaqlardan keçərək bu günə qədər yaşayıb. Bu qardaşlıq bundan sonra da yaşayacaq. Kim bu qardaşlığı pozmaq istəsə, istər Türkiyədə, istərsə də Azərbaycanda, bir millət olan bu xalq özü cavab verəcək. Siyasi baxışlar və onlardakı dini elementlərin dərəcəsi keçicidir. Azərbaycan–Türkiyə qardaşlığı isə əbədidir”.
//Gülnarə Abasova, Editor.az

