“Lapino Fitness” klubunda məşqçi kimi çalışan İrina Maltseva bildirib ki, acqarına məşq yalnız yüngül fiziki aktivliklər üçün uyğundur. Onun sözlərinə görə, ağırlıq məşqləri zamanı başgicəllənmə və zədələnmə riskinin qarşısını almaq üçün məşqdən bir neçə saat əvvəl qidalanmaq mütləqdir.
Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mütəxəssis qeyd edib ki, acqarına idman etmək mümkündür, lakin bu, əsasən məşqin növündən asılıdır. 30-60 dəqiqəlik yürüş, yüngül qaçış, rahat velosiped sürmə, hərəkətlilik məşqləri və səhər gimnastikası adətən problemsiz keçilir. Lakin ağır squat, deadlift, sprint, intensiv CrossFit məşqləri, bir saatdan uzun kardio və ağır ayaq məşqləri səhər acqarına edildikdə halsızlıq, başgicəllənmə və zədələnmə riski yarada bilər.
Onun sözlərinə görə, yüngül səhər məşqindən əvvəl 300-500 ml su içmək kifayətdir. Ağır güc məşqlərindən əvvəl isə 2-3 saat öncə tam qidalanmaq və ya ən azı 1 saat əvvəl banan və yoğurt kimi yüngül qida qəbul etmək tövsiyə olunur. Əks halda, orqanizm sürətlə susuzlaşa bilər.
Məşqçi əlavə edib ki, səhərlər başgicəllənmə, aşağı təzyiq, diabet və ya yuxu pozuntuları olan şəxslər acqarına idmandan çəkinməlidir. Həmçinin spirtli içki qəbulundan sonra, hamiləlik dövründə və ya xəstəlikdən sonra bərpa mərhələsində məşqdən əvvəl banan, tost, yulaf sıyığı və ya yoğurt yemək daha məqsədəuyğundur.
// Gülnarə Abasova, Editor.az

