Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.
2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) birinci uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.
N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

