Paşinyan Bakıya gələcək? – Ermənistan imtahan qarşısında…backend

Paşinyan Bakıya gələcək? – Ermənistan imtahan qarşısında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində səsləndirdiyi fikirlər regionda normallaşma prosesinin gələcəyi baxımından diqqət çəkməyə bilməz. Xüsusilə, onun Azərbaycan Prezidentinin bu platformada ilk dəfə iştirakını vurğulaması və eyni zamanda gələcəkdə Azərbaycana səfər etmək istədiyini bildirməsi rəsmi İrəvanın münasibətlərin normallaşdırılması istiqamətində müəyyən siqnallar verməyə çalışdığını göstərir.

Xüsusilə, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçiriləcəyi halda Bakıya səfər etmək arzusunu dilə gətirməsi siyasi və diplomatik baxımdan simvolik əhəmiyyət daşıyır.

Lakin bəllidir ki, erməni baş nazirin Bakıya real səfərinin baş tutması bir sıra fundamental şərtlərdən asılıdır. İlk növbədə, Azərbaycan və Ermənistan arasında uzunmüddətli və dayanıqlı sülh sazişinin imzalanması həlledici amillərdən biridir. Sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı ərazi bütövlüyünün tam və birmənalı tanınması, eləcə də regionda kommunikasiyaların açılması kimi məsələlər həllini tapmadan belə yüksək səviyyəli səfərin reallaşması çətin görünür. Bundan əlavə, Ermənistanın konstitusiyasında və siyasi ritorikasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, revanşist meyillərin aradan qaldırılması və praktiki addımlarla etimad quruculuğuna töhfə verməsi zəruri şərtlər sırasındadır.

Bir sözlə bu səfərin reallığa çevrilməsi birbaşa Ermənistanın atacağı konkret addımlardan asılı olacaq.
Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirdi ki, Nikol Paşinyanın Avropa Siyasi Birliyi Sammiti çərçivəsində verdiyi mesajlar formal diplomatik jestdən daha çox, mövqelərin yumşaldılmasına yönəlmiş siqnal kimi oxunmalıdır: ” Onun Azərbaycan Prezidentinin bu platformada iştirakını xüsusi vurğulaması və gələcəkdə Bakıya səfər etmək niyyətini açıq şəkildə dilə gətirməsi, İrəvanın beynəlxalq auditoriyaya “konstruktiv tərəfdaş” imici təqdim etmək cəhdini göstərir. Xüsusilə 2028-ci ildə eyni platformanın Azərbaycanda keçirilməsi ehtimalı fonunda bu açıqlama sırf protokol xarakterli deyil, həm də siyasi jest kimi qiymətləndirilə bilər. Bu, Ermənistanın regional proseslərdə izolyasiyadan çıxmaq və kommunikasiya xətlərinin açılması gündəminə uyğunlaşmaq istədiyini nümayiş etdirir.

Bununla belə, bu cür bəyanatların real siyasi nəticəyə çevrilməsi yalnız ritorika ilə mümkün deyil və konkret öhdəliklər tələb edir. Azərbaycan üçün əsas məsələ prinsipialdır: ərazi bütövlüyünün tam tanınması, sərhədlərin hüquqi əsasda müəyyənləşdirilməsi və regionda davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılması. Əgər İrəvan bu istiqamətdə ardıcıl və ölçülə bilən addımlar atmazsa, səfər ideyası simvolik səviyyədən yuxarı qalxa bilməyəcək. Yəni Paşinyanın Bakıya mümkün səfəri diplomatik jestdən çox, Ermənistanın real transformasiya iradəsinin testinə çevriləcək”.