Milli Onkologiya Mərkəzində baş verən partlayış cəmiyyətdə ciddi narahatlıq yaradıb. Hadisə zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölkənin yeganə uşaq radioloqu olması ilə bağlı iddialar isə müzakirələrə səbəb olub. Bu məlumatlar Azərbaycanda ixtisaslı kadr çatışmazlığı və tibbi təhsil imkanları ilə bağlı sualları yenidən gündəmə gətirib.
Asif Nəsirli ölkə üzrə yeganə uşaq radioloqudur?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, onkoloji mərkəzdə baş verən hadisə qətiyyən qəbul edilə bilməz:
“Motivindən asılı olmayaraq, bu, terror aktıdır və heç bir halda əsaslandırıla bilməz. Hər hansı narazılıq, şikayət və ya qəzəb bu cür üsullarla həll olunmamalıdır. Belə halların yayılması cəmiyyət üçün təhlükəli nəticələr doğura bilər. Həkimlə bağlı məsələyə gəlincə, onu şəxsən tanımasam da, mövcud məlumatlara görə, o, nadir ixtisas sahiblərindən olan uşaq radioloqu idi. Məlumdur ki, bədxassəli şişlərin müalicəsində radioterapiya həm müstəqil istiqamət, həm də kombinə olunmuş müalicənin tərkib hissəsi kimi mühüm rol oynayır. Bu baxımdan belə mütəxəssislərin əhəmiyyəti xüsusilə böyükdür. Ümumiyyətlə, peşəkar həkimin yetişməsi uzun illər tələb edir. Baza tibb təhsilindən sonra rezidentura, praktik təcrübə və ixtisaslaşma mərhələləri nəzərə alındıqda, bu proses bəzən 15-20 il çəkir. Bu sahədə Asif Nəsirli kimi mütəxəssis azdır”.

Adil Qeybulla
Professor bildirib ki, cəmiyyətdə bu hadisəyə müxtəlif reaksiyalar müşahidə olunur:
“İnsanların qəzəbini və təəssüfünü anlamaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, mübahisələrin özbaşına, zorakılıq yolu ilə həll edilməsi təhlükəli presedent yaradır. Digər tərəfdən, səhiyyə sistemində müəyyən problemlərin mövcudluğu danılmazdır. Ancaq bu, yalnız səhiyyə sahəsi ilə məhdudlaşmır, digər peşə sahələrində də oxşar çətinliklər var. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün konstruktiv yanaşma, təkliflər və sistemli islahatlar tələb olunur. Zorakılıq isə heç vaxt çıxış yolu deyil”.

