Azərbaycan Texnologiya Universitetinin (ATU) ərazisində ağacların kütləvi şəkildə kəsilməsi ciddi narazılıq və müzakirələrə səbəb olub.
Editor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video və fotogörüntülərdə universitetin müxtəlif hissələrində çoxsaylı ağacların məhv edildiyi əks olunub.
İddialara görə, ağacların bir hissəsi universitetin əsas giriş hissəsində, eləcə də inzibati binanın qarşısında kəsilib. Görüntülərdən məlum olur ki, universitetin daxili ərazisində yerləşən ağaclar da baltalanaraq məhv edilir.
Məlumatlarda ümumilikdə 14 ağacın kəsildiyi bildirilir. Ən diqqətçəkən məqam isə ərazidə quru ağacların olmasına baxmayaraq, əsasən yaşıl və sağlam ağacların kəsilməsidir. Bu isə ictimaiyyətdə ciddi suallar doğurur.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovdur. Sosial mediada yayılan paylaşımlarda və müzakirələrdə məsuliyyətin universitet rəhbərliyinin üzərinə düşdüyü iddia olunur.
Ekologiyanın qorunmasının prioritet elan olunduğu bir dövrdə dövlət universitetinin ərazisində yaşıllıqların bu şəkildə məhv edilməsi narahatlıq doğurur. Hadisənin hansı əsasla həyata keçirildiyi, ağacların kəsilməsi üçün müvafiq icazənin olub-olmaması isə hələlik məlum deyil.
Məsələ ilə bağlı Azərbaycan Texnologiya Universitetindən hər hansı rəsmi açıqlama verilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də hadisəyə münasibət bildirməməsi diqqət çəkir.
Xatırladaq ki, qanunvericiliyə əsasən ağacların qanunsuz kəsilməsi inzibati və bəzi hallarda cinayət məsuliyyəti yarada bilər.




