Almaniyanın müdafiə naziri Boris Pistorius ordunun Aralıq dənizinə minatəmizləyən gəmi göndərdiyini təsdiqləyib.
Oxu.Azxəbər verir ki, bu barədə “Phoenix” telekanalı məlumat yayıb.
Bildirilib ki, müəyyən şərtlər daxilində sözügedən gəmi gələcəkdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədi daşıyan beynəlxalq missiyada iştirak etmək üçün Hörmüz boğazına yönəldilə bilər.
Nazirin sözlərinə görə, mövcud plan hazırlıqların davam etdirilməsini və hüquqi müstəvidə sonrakı addımların atılmasını nəzərdə tutur: barışıq və ya davamlı razılaşmalar əldə olunarsa, hökumət parlamentdən müvafiq mandat almağı və bundan sonra missiyanı davam etdirməyi planlaşdırır. Pistorius qeyd edib ki, həmin vaxta qədər gəmi Aralıq dənizində lövbər salacaq. Bununla belə, o, Almaniya ordusunun Yaxın Şərqdəki toqquşmalara hər hansı müdaxiləsini istisna edib.
Məlumata görə, Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Fulda” minatəmizləyən gəmisi bazar ertəsi ölkənin şimalındakı Kil bazasından çıxaraq Aralıq dənizi istiqamətində hərəkətə başlayıb. Gəminin göyərtəsində təxminən 40 hərbçi, o cümlədən mina dalğıcları var.

