Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda ölkədaxili siyasi mübarizə getdikcə daha mürəkkəb və çoxşaxəli xarakter alır. Bu proseslər yalnız yerli qüvvələrin rəqabəti ilə məhdudlaşmır, eyni zamanda xarici təsir mərkəzlərinin də aktiv iştirakı ilə müşayiət olunur. Xüsusilə Rusiyanın regiondakı maraqları və İrəvandakı siyasi proseslərə təsir imkanları seçkilərin nəticələrinə ciddi təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.
Politoloq Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkiləri ərəfəsindəki vəziyyət təhlil edilərkən Rusiyanın maraqlarına uyğun gələn iki əsas siyasi fiqur ön plana çıxır :

“Bunlardan biri Robert Köçəryan, digəri Samvel Karapetyandır. Serj Sarkisyan da müxalif düşərgədə təmsil olunsa və uzun müddət Rusiya ilə yaxın siyasət yürütmüş olsa da, Moskvanın ona etimadı Köçəryan və Karapetyanla müqayisədə daha zəifdir. Xxüsusilə 2018-ci ildə Sarkisyanın hakimiyyət uğrunda ciddi mübarizə aparmaması və faktiki olaraq geri çəkilməsi Kremldə onunla bağlı müəyyən şübhələr formalaşdırıb. Eyni zamanda, onun hazırkı mövqeyi də göstərir ki, Sarkisyan Rusiyanın birbaşa dəstəklədiyi müxalif bloklara qoşulmaqdan yayınır.
Bu baxımdan, Moskva üçün əsas uyğun fiqurlar məhz Köçəryan və Samvel Karapetyandır. Köçəryanın, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətləri onun üstünlüklərindən biridir. Köçəryana qarşı erməni cəmiyyətində formalaşmış mənfi ictimai rəy onun seçki perspektivlərinə mənfi təsir göstərir və bu məqam Moskva tərəfindən də nəzərə alınır”.
Politoloqun fikrincə, məhz bu səbəbdən Samvel Karapetyan hazırkı mərhələdə Rusiyanın daha çox üstünlük verdiyi və siyasi investisiya yönəltdiyi əsas fiqur kimi ön plana çıxır:
“Karapetyanın Rusiyadakı geniş biznes əlaqələri, həmçinin ailə bağları, qardaşı Karen Karapetyanın vaxtilə Ermənistanın baş naziri olması onun Moskva ilə yaxınlığını daha da gücləndirir. Bu amillər Karapetyanı Rusiya üçün daha real və etibarlı tərəfdaş kimi təqdim edir.s
Samvel Karapetyanın indiyədək aktiv siyasətdə iştirak etməməsi ona erməni cəmiyyətində müəyyən dəstək qazanmaq imkanı yarada bilər. Bu isə onu Köçəryan və digər köhnə siyasi fiqurlardan fərqləndirən mühüm üstünlüklərdən biridir. Mövcud şəraitdə Rusiyanın əsas siyasi dəstəyi və investisiyası məhz Samvel Karapetyanın üzərində cəmləşə bilər”.
//Gülnarə Abasova, Editor.az

