Bakıda həbsdə olan Ruben Vardanyan ailəsi ilə telefon əlaqəsi saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
O, ailəsi ilə telefon danışığı zamanı Ermənistanın ombudsmanı Anahit Manasyana mesaj göndərib. Vardanyan geniş mətndən ibarət məktubda qeyd edib ki, bu yaxınlarda Azərbaycanın ombudsmanı Səbinə Əliyeva ilə görüşüb. Onun sözlərinə görə, görüş zamanı özü və digər erməni məhbusların saxlanma şəraiti ilə bağlı bir sıra məsələləri qaldırıb.

“Söhbətimiz zamanı Ombudsman qeyd etdi ki, o, artıq sizinlə (Anahit Manasyanla – E.S) Bakıya səfər etmək imkanını müzakirə edib və Azərbaycan buna hazır olduğunu bildirib”, – deyə Vardanyan məktubda vurğulayıb.
O, irəli gedərək “Ermənistan vətəndaşları uzun müddətdir ki, ailə üzvləri ilə görüşlər və müstəqil monitorinqlər, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən aparılmadan Azərbaycan həbsxanalarında saxlanılırlar. Bu şəraitdə Ermənistan vətəndaşlarının hüquqlarının qorunmasına cavabdeh olan qurum heç bir təşəbbüs göstərmir”, – deyə həm də erməni ombudsmanı günahlandırıb.
Vardanyan bildirib ki, ölkələr arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə iqtisadi məsələlər üzrə danışıqlar aparılır: “Bəs niyə məhbusların həyatı, sağlamlığı və hüquqları məsələləri rəsmi İrəvanın gündəliyində deyil?”

O, digər erməni məhbusların qohumlarının da Bakıya səfər etmə ehtimalını nəzərdən keçirməyi xahiş edib: “Həyat yoldaşım Veronika Zonabend belə bir təşəbbüsdə iştirak etməyə və Bakıya səfər etməyə hazırdır. Yəqin ki, digər məhbusların ailə üzvləri də hazır olacaqlar. Belə bir nümayəndə heyəti institusional və ardıcıl olmalı, vətəndaşlara hesabat verən Ermənistan baş nazirinin siyasi dəstəyinə malik olmalıdır”.
Qeyd edək ki, Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun erməni ombudsmana çağırışından belə məlum olur ki, həm Manasyanın, həm öz həyat yoldaşının Azərbaycana səfərini arzulayır. Hətta Azərbaycan tərəfinin buna hazır olduğunu bildirir. Üstəlik, Araik və digər erməni hərbi canilərin ailələrinin də Bakıya səfərini mümkün hesab edir. Təbii ki, Azərbaycan humanizm prinsiplərinə, qanunvericiliyə və beynəlxalq konvensiyalara uyğun olaraq erməni məhbusların ailələri ilə görüşünə şərait yarada bilər.

