Mütəxəssis stressə davamlılığı artırmağın yollarını açıqlayıbbackend

Mütəxəssis stressə davamlılığı artırmağın yollarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəmadi fiziki aktivlik gündəlik stressin öhdəsindən daha asan gəlməyə və psixoloji vəziyyətin yaxşılaşmasına kömək edə bilər.

Mütəxəssislər hesab edirlər ki, stressə davamlılıq yalnız anadangəlmə xüsusiyyət deyil. Düzgün seçilmiş və müntəzəm həyata keçirilən fiziki məşqlər insanın gündəlik gərginliyə qarşı dözümlülüyünü artıra bilər.

Editor.az xəbər verir ki, bu barədə məşqçi Artyom Opalnitski açıqlamasında bildirib.

Onun sözlərinə görə, fiziki aktivlik zamanı insan diqqətini iş və gündəlik qayğılardan yayındıraraq hərəkətlərinə və bədəninin reaksiyalarına yönəldir. Bu isə gərginliyin azalmasına kömək edə bilər.

Ekspert vurğulayıb ki, məşqlər insanı həddindən artıq yormamalı, əksinə, ondan sonra enerji və gümrahlıq hissi yaratmalıdır. Fiziki aktivlik stresslə mübarizədə faydalı vasitələrdən biri olsa da, onu problemin universal həlli kimi qiymətləndirmək düzgün deyil.

Mütəxəssis güc məşqlərinin əzələlərin möhkəmlənməsinə və fiziki dözümlülüyün inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Onun fikrincə, məşqlərə rahat tempdə başlamaq, düzgün texnikaya diqqət yetirmək və yükü tədricən artırmaq vacibdir.

Opalnitski bildirib ki, qaçış və velosiped sürmə kimi aerob məşqlər də ümumi dözümlülüyün artırılmasında mühüm rol oynayır. Uzunmüddətli və ritmik fiziki fəaliyyət insana səbirli olmağı, daxili narahatlıq hissini idarə etməyi öyrədə bilər.

Bundan əlavə, müntəzəm kardio məşqləri yuxu keyfiyyətinin və psixoloji rifahın yaxşılaşması ilə əlaqələndirilir.

Ekspert yoqa, streçinq və nəfəs məşqlərini də tövsiyə edib. Onun sözlərinə görə, bu fəaliyyətlər insanın hərəkətlərinə və nəfəsinə diqqət yetirməsinə, gündəlik gərginlikdən uzaqlaşmasına və rahatlamasına şərait yaradır.

Mütəxəssis fiziki aktivliyə başlamaq istəyənlərə həftədə iki-üç məşq etməyi və ya qısa gəzintilərlə kifayətlənməyi məsləhət görüb. Əsas şərt insanın zövq aldığı və davamlı şəkildə həyata keçirə biləcəyi fəaliyyət növünü seçməsidir.

Opalnitski vurğulayıb ki, məşqlərin effektivliyi üçün müntəzəmlik, fiziki yükün tədricən artırılması və kifayət qədər bərpa müddəti vacibdir. Bununla yanaşı, keyfiyyətli yuxu, düzgün qidalanma və istirahət günləri də nəzərə alınmalıdır.

//Gülnarə Abasova, Editor.az