Ekspert deyir ki, yüz minlərlə yaşayış obyektinin sökülməsi üçün çox böyük investisiyalar tələb olunur
Bakıda şəhər infrastrukturunun yenilənməsi və modernləşdirilməsi çərçivəsində genişmiqyaslı söküntü işlərinə hazırlıq görülür. İlkin məlumatlara əsasən, proses gələcək mərhələdə təxminən 100 minə yaxın binanı əhatə edə bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söküntü planı Bakının bütün 12 rayonunu əhatə edəcək və şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan çərçivəsində həyata keçiriləcək. Layihəyə əsasən, köhnə yaşayış və qeyri-yaşayış binalarının yerində yeni tikililərin inşası, yaşıllıq zonalarının genişləndirilməsi, parkların salınması və nəqliyyat infrastrukturunun inkişafı planlaşdırılır. Bu çərçivədə yeni metro stansiyalarının tikintisi və tramvay xətlərinin yaradılması da gündəmdədir. Vüqar Oruc bildirib ki, bu, təkcə tikinti prosesi deyil, həm də şəhərin ümumi urbanistik strukturunun dəyişdirilməsi ilə nəticələnəcək genişmiqyaslı bir transformasiyadır. Lakin hansı layihələrin birinci mərhələdə icra olunacağı hələlik dəqiqləşməyib.
Mütəxəssislərin fikrincə isə bu cür genişmiqyaslı yenidənqurma Bakının görünüşünü və funksional xəritəsini köklü şəkildə dəyişə bilər. Bununla yanaşı, prosesin sosial aspektləri – köçürülmə və kompensasiya mexanizmləri – xüsusi diqqət tələb edir. Ümumilikdə, layihə Bakının daha müasir, ekoloji və rahat şəhər modelinə keçidini hədəfləyir. Bu plan miqyasına görə Bakının son onilliklərdə ən ciddi şəhərsalma transformasiyalarından biri ola bilər. Köhnə fondun yenilənməsi və infrastrukturun müasirləşdirilməsi obyektiv olaraq şəhərin inkişafı üçün vacibdir, xüsusilə də nəqliyyat yükü və sıx yaşayış problemi nəzərə alınanda. Amma 100 min bina kimi rəqəm artıq təkcə tikinti layihəsi deyil, sosial-iqtisadi prosesdir. Burada əsas sual icranın necə idarə olunacağıdır: köçürülmə mexanizmləri, ədalətli kompensasiya və mərhələlilik təmin edilməsə, proses ciddi sosial narazılıq yarada bilər. Digər tərəfdən, metro və tramvay kimi nəqliyyat layihələrinin planlaşdırılması doğru istiqamət kimi görünür – Bakı üçün uzunmüddətli dayanıqlı şəhər modelinə keçid baxımından bu vacibdir. Ümumilikdə, bu, Bakının “yenidən qurulan şəhər” mərhələsinə keçid cəhdi kimi qiymətləndirilə bilər, amma nəticə planın deyil, onun icra keyfiyyətinin necə olacağından asılı olacaq. Dövlət Şəhərsalma və Arxitektora Komitəsi iddiaları təsdiq etməyib, amma necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” deyillər…

Elnur Azadov
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bakıda genişmiqyaslı işlər nəzərdə tutulub. Bakı şəhərinin baş planına uyğun olaraq 2040-cı ilə qədər bu mərhələ həyata keçirilməlidir. İlk öncə qeyd etmək lazımdır ki, söhbət 100 min bina yox, 100 min yaşayış obyektindən gedir. Əsasən istismar müddəti bitmiş çoxmənzilli binalardan söhbət gedir. Ümumiyyətlə, Bakı şəhərində təxminən 20 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli bina mövcuddur. Bu, kifayət qədər genişmiqyaslı bir layihədir və yaşayış fondumuz köhnə olduğu üçün onun yenilənməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi zəruridir.
Bu, şəhərin simasının ciddi şəkildə yenilənməsini nəzərdə tutan böyük bir layihədir. Baş plan üzrə artıq müəyyən ərazilər təyin olunub – hansı ərazilər yaşayış üçün qalacaq, hansılarının sənaye zonası dəyişəcək və ya inkişaf zonası kimi nəzərdə tutulacaq. Bu baxımdan ən çox təsir ediləcək sahə məhz yaşayış fondu olacaq. Əsasən köhnəlmiş, 5 mərtəbəyə qədər olan binalar bu prosesə cəlb ediləcək. 9 mərtəbəli binalar hələlik bu mərhələyə daxil edilmir. Çünki onların əksəriyyəti 70-ci illərdən sonra inşa olunub və hələ o qədər köhnəlməyib. Lakin 70-ci illərə qədər tikilmiş yaşayış fondunun istismar müddəti artıq başa çatıb və bu istiqamətdə kompleks tədbirlər görüləcək”.
Ekspert qeyd edib ki, köhnəlmiş yaşayış fonduna malik binalar Bakı şəhərinin demək olar ki, bütün inzibati rayonlarında mövcuddur: “Ümumilikdə 1100 bina Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən yarımqəzalı və qəzalı kimi qeydiyyata alınıb. Keçən ilin yazında təqdim olunan rəsmi hesabatda isə 197 binanın ciddi qəzalı və yaşayış üçün təhlükəli olduğu bildirilib. Bununla bağlı baş nazirin yanında dəfələrlə iclaslar keçirilib. Vəziyyəti daha ağır olan bəzi binalar artıq qısa müddətdə sökülərək aradan qaldırılıb. Digər binaların isə mərhələli şəkildə sökülməsi nəzərdə tutulur.
Lakin burada əsas sual yaranır: bu söküntü işlərini kim həyata keçirəcək? Bildiyimiz kimi, Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Bayıl adlanan ərazi, keçmiş “Sovetski” küçəsi və Nərimanov prospekti ətrafında yerləşən sahələrdə artıq proseslər başlayıb. Bu proses ötən ilin payızından etibarən davam edir. Vətəndaşlara verilən kompensasiyalar daşınmaz əmlak bazarında müəyyən canlanmaya səbəb olur və bu, sektora müsbət təsir göstərir. Lakin bu proses dövlət büdcəsi üçün kifayət qədər ağırdır. Çünki böyük həcmdə vəsait xərclənir”.
Elnur Azadov bildirir ki, gələcəkdə 100 minlərlə yaşayış obyektinin sökülməsi və yenidən qurulması üçün isə çox böyük investisiyalar tələb olunur: “Məsələn, sovet dövründə dövlətin güclü planlaşdırma və inşaat potensialı var idi. Bakı sənaye şəhəri kimi planlaşdırıldığı üçün yaşayış fondunun tikintisi geniş şəkildə həyata keçirilirdi. İnşaat kombinatları, beton zavodları və digər istehsal müəssisələri dövlət hesabına fəaliyyət göstərirdi. 60-cı illərdən başlayaraq Bakıda çox aktiv tikinti mərhələsi baş verdi. Hazırda sökülməsi nəzərdə tutulan yaşayış fondunun böyük hissəsi də məhz İkinci Dünya müharibəsindən sonra və 60-70-ci illər arasında inşa olunmuş binalardır. Lakin bu gün hökumətin həmin miqyasda tikinti və söküntü işlərini həyata keçirmək potensialı yoxdur. Dövlət əsasən müəyyən sosial layihələr həyata keçirir, qalan işlərin böyük hissəsi isə özəl tikinti şirkətləri tərəfindən icra olunur”.
Ekspert vurğulayır ki, son 25 il ərzində Bakı şəhərində 2000-dən çox yaşayış kompleksi inşa edilib və bunların hamısı əsasən özəl sektorun hesabına baş verib: “Şəhərin bugünkü simasının formalaşmasında da əsas rol məhz özəl tikinti şirkətlərinə məxsusdur. Lakin bu sahədə güclü tikinti potensialına malik şirkətlərin sayı çox deyil. Ölkədə ümumilikdə yüzdən az tikinti şirkəti fəaliyyət göstərir və onların da hamısının iri miqyaslı layihələri həyata keçirmək üçün kifayət qədər resursları yoxdur.
Bu baxımdan gələcəkdə 100 minə yaxın yaşayış obyektinin sökülməsi və yenidən qurulmasının kim tərəfindən həyata keçiriləcəyi ciddi sual altındadır. Çünki bu proses üçün böyük maliyyə, texniki və insan resursları tələb olunur. Belə imkanlara isə ölkədə cəmi 5-10 iri şirkət malikdir. Hətta hazırda qəzalı vəziyyətdə olan təxminən 190 binanın sökülməsi və sakinlərin köçürülməsi üçün belə həm özəl sektorun, həm də dövlətin imkanları məhduddur. Nəzərə almaq lazımdır ki, bir yaşayış kompleksinin tikintisi, sakinlərin köçürülməsi və bütün proseslərin tamamlanması ən azı 4-5 il vaxt tələb edir. Bu baxımdan, sovet dövründə inşa olunmuş bu qədər böyük həcmli yaşayış fondunun yenilənməsi üçün ölkədə mövcud tikinti potensialından dəfələrlə çox resursa ehtiyac var”.

