İran rəsmilərinin danışıqların bərpasını hazırkı mərhələdə real saymaması və bunu etimad mühitinin olmaması ilə əsaslandırması Tehran-Vaşinqton münasibətlərində yeni gərginlik mərhələsinin başlanıb-başlanmadığı sualını aktuallaşdırır. Ticarət gəmisinin ələ keçirilməsi, atəşkəsin pozulması və əvvəlki razılaşmaların icra olunmaması fonunda İranın danışıqlara qayıtmaq istəməməsi regionda siyasi vəziyyəti daha da həssaslaşdırır. Mövcud şəraitdə əsas diqqət Tehranın bu qərarının səbəblərinə və ABŞ-la münasibətlərdə mümkün yeni böhran risklərinə yönəlir. Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı Editor.az-a açıqlamasında prosesin mümkün inkişaf istiqamətlərini şərh edib.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, danışıqların nəticəsiz qalacağı əvvəlcədən gözlənilən idi:

“Bunun əsas səbəbi hər iki tərəfin geri çəkilmək istəmədiyi strateji hədəflərinin mövcudluğudur. ABŞ İranın nüvə proqramından imtina etməsini və Tehranın Vaşinqtonun şərtlərini qəbul etməsini tələb edir. İran isə bununla razılaşmır, öz şərtlərini irəli sürür və həmin tələblər ABŞ-ın maraqları ilə ciddi şəkildə ziddiyyət təşkil edir.
İranın irəli sürdüyü şərtlərin qəbul olunması ABŞ üçün siyasi məğlubiyyət görüntüsü yarada bilər. Bu baxımdan yaxın müddətdə Vaşinqton və Tehran arasında sülh sazişinin imzalanacağını gözləmək real görünmür. Onun fikrincə, ABŞ-ın atəşkəs prosesində əsas məqsədi sülhə nail olmaqdan daha çox, bölgədəki strateji mövqelərini möhkəmləndirmək olub. Böyük ehtimalla ABŞ Yaxın Şərqdə tükənən hərbi arsenalını yeniləməyə çalışıb və bu istiqamətdə müəyyən nəticələr əldə edib. Müxtəlif məlumatlara əsasən, bölgəyə əlavə silah-sursat və hərbi texnika göndərilib, hətta quru qoşunlarının yerləşdirilməsi prosesi də müşahidə olunur. Bu isə göstərir ki, Vaşinqton bir tərəfdən danışıqlar aparsa da, digər tərəfdən hərbi mövcudluğunu artırmağa çalışıb”.
Onun sözlərinə görə, İran da atəşkəs dövründən müəyyən mənada öz hərbi imkanlarını bərpa etmək üçün istifadə etməyə çalışıb:
“Tehrandan səslənən açıqlamalar da bunu göstərir. Beləliklə, hər iki tərəf atəşkəsi gələcək qarşıdurmaya hazırlıq mərhələsi kimi qiymətləndirib. Bu səbəbdən yaxın vaxtlarda iki ölkə arasında sülh sazişinin əldə olunması inandırıcı görünmür. İran üçün həlledici mərhələ başlanıb. ABŞ-ın irəli sürdüyü şərtlər Tehran üçün ağır siyasi və strateji nəticələr doğura bilər. Məhz buna görə də rəsmi Tehran danışıqlara qayıtmağa maraq göstərmir.
Yaxın perspektivdə Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması ehtimalı qalır və bunun əsas səbəblərindən biri ABŞ-ın mövqeyidir. Bununla yanaşı, Tehranın qarşılıqlı etimadın formalaşmasını şərt kimi irəli sürməsi hazırkı şəraitdə praktik baxımdan çətin görünür. Çünki son hadisələrdən sonra tərəflər arasında qısa müddətdə etimad mühitinin yaranması real deyil. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət də daha geniş geosiyasi maraqlarla bağlıdır. Bu proses yalnız İranla məhdudlaşmır, eyni zamanda enerji marşrutları üzərində nəzarət və böyük güclər arasındakı rəqabət kontekstində qiymətləndirilməlidir”.
Sonda politoloq bildirib ki, bütün amillər ümumiləşdirildikdə, ABŞ-ın sərt tələbləri və İranın bunları qəbul etməməsi yaxın dövrdə sülh ehtimalını zəiflədir. Böyük ehtimalla regionda ya yeni gərginlik mərhələsi başlayacaq, ya da proses uzunmüddətli dondurulmuş münaqişə modelinə keçəcək.
//Gülnarə Abasova, Editor.az

