Putin 110 illik planı təkrarlamağa çalışdı, fiasko yaşandı – Üç ölkə o ərazini istəyirbackend

Putin 110 illik planı təkrarlamağa çalışdı, fiasko yaşandı – Üç ölkə o ərazini istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə bildirib ki, Moskva lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək.

“Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onların maraqları, eləcə də təhlükəsizliyi Kiyev və Kişinyovun məsuliyyətsiz hərəkətləri səbəbindən təhlükə altındadır. Lazım gələrsə, Rusiya bütün zəruri addımları atacaq və onları Konstitusiyaya uyğun olaraq qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, – deyə Şoyqu vurğulayıb.

Şoyqu həmçinin qeyd edib ki, Rusiya Kişinyovun Dnestryanı ilə bağlı bütün mümkün ssenarilərini, o cümlədən ən gözlənilməz variantları belə izləyir.

Sergey Şoyqunun Dnestryanı ilə bağlı mesajı təsadüfi deyil. Kremlin Moldovanın MDB-ni tərk etməsinə səssiz qalmayacağı əvvəldən bəlli idi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kişinyovun qərarına görə təəssüfləndiklərini bildirsə də, Rusiyanın bununla kifayətlənməyəcəyi aydın görünürdü.

Kreml artıq Moldovaya qarşı üç təzyiq rıçağından ən ciddisini işə salır. Dnestryanı ərazi müstəqilliyini elan etsə də, Rusiyadan başqa heç bir ölkə bu müstəqilliyi tanımır. Buna baxmayaraq, Kişinyovla separatçılar arasında müəyyən təmaslar mövcuddur. Hətta Moldovaya səfər edən turistlər rahatlıqla Dnestryanıya da gedə bilirlər.

Ümumiyyətlə, ərazinin öz pul vahidi, dövlət strukturları, ordusu və bayrağı var.

Dnestryanı təkcə Moldova üçün deyil, Ukrayna üçün də ciddi problemdir. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlayarkən Moskvanın məqsədlərindən biri də Dnestryanını Ukrayna əraziləri hesabına genişləndirmək idi. Daha dəqiq desək, 1914-cü il Bessarabiya Respublikasının sərhədlərinə yaxın bir model formalaşdırmaq planı vardı.

Müharibə davam edir və Kreml Dnestryanı vasitəsilə həm Kişinyova, həm də Kiyevə təzyiq göstərir.

Moldovanın MDB-dən çıxmaq proseduru rəsmi olaraq 2027-ci ilin aprel ayında başa çatacaq. Bu vaxta qədər Kreml Kişinyovu qərarından çəkindirməyə çalışa bilər. Bunun həm diplomatik yollarla, həm də Dnestryanı münaqişəsini alovlandırmaqla həyata keçirilməsi mümkündür.

Turan Rzayev
Globalinfo.az