“Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri vurğulayıblar ki, Avropa Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində strateji dərəcədə maraqlıdır”.
Oxu.Az Aİ-nin rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasındakı sülh prosesində əldə olunan irəliləyiş region üçün real fürsətdir və Aİ bu istiqamətdə dəstəyini əhəmiyyətli dərəcədə artırır.
Kaya Kallas qeyd edib ki, Azərbaycan enerji və nəqliyyat infrastrukturu sahəsində vacib tərəfdaş olaraq qalır:
“Biz əlaqələrimizi dərinləşdirmək istəyirik və tezliklə əməkdaşlıq haqqında yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edəcəyik. Biz, həmçinin Azərbaycanla münasibətlər baxımından daha nələr edə biləcəyimizi müzakirə etdik. Energetika və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlər üzrə daha çox işləməli və əlaqələri gücləndirməliyik.
Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır. Və əlbəttə ki, mina təmizləmə sahəsində biz dünyanın müxtəlif ölkələrinə kömək edirik. Buna görə də, əgər sorğu daxil olarsa, biz daha nələr edə biləcəyimizi nəzərdən keçirəcəyik. Lakin bu gün hələlik bu məsələ ilə bağlı qərar qəbul etməmişik”.

