Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədiyi bir mərhələdə bəzi Avropa ölkələrinin parlamentlərində qərəzli və birtərəfli sənədlərin gündəmə gətirilməsi diqqət çəkir. Xüsusilə regionda formalaşan yeni reallıqları nəzərə almayan bu təşəbbüslər konstruktiv dialoqa xidmət etmir, əksinə, sabitlik və etimad mühitinə xələl gətirən siyasi yanaşma kimi qiymətləndirilir. Məsələ ilə bağlı siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, bu cür addımların arxasında müəyyən dairələrin Azərbaycana təzyiq göstərmək və sülh prosesinə mane olmaq niyyəti dayanır.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, bəzi Benilüks ölkələrinin, o cümlədən Belçika və Niderlandın son dövrlərdə Azərbaycanda artıq aradan qaldırılmış separatizm mövzusunu yenidən gündəmə gətirmək cəhdləri təəssüf doğurur:

“Acı reallıq ondan ibarətdir ki, Belçika və Niderland parlamentləri Azərbaycanda birdəfəlik söndürülmüş separatizm meyillərini yenidən canlandırmağa çalışırlar. Əks halda, Qarabağdan könüllü şəkildə ayrılmış ermənilərin geri qayıdışı məsələsinin qanunverici orqanların qəbul etdiyi sənədlərə salınmasının başqa izahı yoxdur.
Xüsusilə həmin sənədlərdə Azərbaycan-Ermənistan sərhədlərinin 12 may 2021-ci il vəziyyətinə qaytarılması ilə bağlı vurğular edilməsi olduqca geridə qalmış və destruktiv yanaşmadır. Çünki hər kəs görür ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası istiqamətində aktiv işləyir və artıq müəyyən hissələr üzrə konkret nəticələr əldə olunub.
Belə bir şəraitdə, delimitasiya prosesi tam başa çatmamış, hər iki tərəfin bunu yekunlaşdırmaq niyyətində olduğu məlum olduğu halda, Belçika və Niderland parlamentlərinin bu prosesə müdaxilə etməsi pozuculuqdan başqa bir məna daşımır.
Əgər həqiqətən xoş niyyət nümayiş etdirmək istəsəydilər, Azərbaycan-Ermənistan arasında aparılan delimitasiya prosesinin nəticəsini gözləyərdilər. Proses tamamlanmadan Azərbaycanın guya Ermənistan ərazilərini işğal altında saxlaması kimi əsassız iddialar irəli sürməz, sərhədlərin mücərrəd tarix çərçivəsinə qaytarılmasını tələb etməzdilər.
Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin geri qayıdışı məsələsinin qabardılması da qəbuledilməzdir. Bu gün Paşinyan konstitusiya dəyişikliklərindən, müstəqillik aktının preambuladan çıxarılmasından və Qarabağ məsələsinin birdəfəlik bağlanmasının vacibliyindən danışdığı halda, Ermənistanın özü bu mövzudan uzaqlaşdığı bir vaxtda Belçika parlamentinin belə qərar qəbul etməsi tamamilə əsassız görünür.
Eyni zamanda, Bakıda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunan şəxslərin “mülki girovlar” kimi təqdim edilməsi də Belçika parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin göstəricisidir. Buna görə də bu cür bəyanat və sənədləri təxribat xarakterli addımlar kimi qiymətləndirmək lazımdır. Bunlar Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurmağa yönəlmiş təşəbbüslərdir və Benilüks ölkələrinin bəzi siyasi dairələrinin Azərbaycanda birdəfəlik aradan qalxmış separatizmi yenidən qızışdırmaq cəhdindən başqa bir şey deyil”.
// Gülnarə Abasova, Editor.az

