Qarabağ 2018-ci ildən Azərbaycana “qaytarılıb” – Paşinyan qərarını verdibackend

Qarabağ 2018-ci ildən Azərbaycana “qaytarılıb” – Paşinyan qərarını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın Qarabağın statusu ilə bağlı dediyi “Qarabağ Azərbaycan ərazisidir. Beynəlxalq təşkilatlar bu əraziləri Azərbaycan ərazisi kimi qəbul edir” tipli açıqlamaları həqiqətən də Qarabağdakı separatçı rejim nümayəndələrinin böyük narazılığına səbəb oldu”.

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, regionda sabitlik, sülh Rusiya və Qərb üçün də ən əlverişli seçimdir:

“Ermənistan baş nazirinin bu açıqlamalarından dərhal sonra Araik Arutyunyanın rəhbərlik etdiyi qondarma parlamentləri də tez qərar çıxardı. Paşinyanın Qarabağın taleyi ilə bağlı hansısa bir məsələdə iştirak etmək hüququnun olmadığını bildirdilər. Orada qeyd etdilər “Qarabağ xalqının taleyini ancaq Qarabağ erməniləri həll etməlidirlər”. Halbuki buna qəqər həmişə deyirdilər ki, Ermənistan Qarabağın bir hissəsidir, onlar bir dövlətdirlər. Artıq bu məsələlərdə onlarda fikirlər haçalandı.

Düşünürəm ki, bu, Paşinyan tərəfindən boşuna deyilən bir açıqlama deyildi. O, özü də gözəl bilir ki, artıq 2018-ci ilə kimi, ona qədər olan Ermənistan liderləri də bu fikirlərlə razılaşmışdılar. Bilirdilər ki, Qarabağ məsələsi beynəlxalq təşkilatlarda Azərbaycanın tərkib hissəsi olduğu və Azərbaycanın səlahiyyətləri daxilində həll olunan bir məsələdir. Ona görə də bu məsələlərdə Sarkisyan çalışırdı ki, çığallıq etsin, danışıqlar prosesindən yayınsın. O bilirdi ki, bu sənəd gec-tez imzalanmalıdır və bəyanat Ermənistan rəhbərliyi tərəfindən verilməlidir. Ona görə də bu məsələlərdə Paşinyan çox da təcrübəli siyasətçi olmadığu üçün belə bir səmimi açıqlamalar edərək bildirmək istədi ki, yəni “mənə qədər bu məsələlər həll olunub. Bu gün də mən bunu etsəydim də, etməsəydim də bu, baş tutmalı idi. Mən də olmasam, kim olsaydı da bunu edəcəkdi. Mənim Qarabağın müstəqil, ayrı respublika olduğu ilə bağlı fikirlər səsləndirdiyim üçün bu müharibə baş verdi və biz uduzduq”.

Paşinyan demək istəyir ki, “xalq buna (Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etsəydi – red.) hazır olsaydı, bu müharibə də baş verməzdi. 2020-ci ilə qədər Qarabağ məsələsinin çözümünü sülh yolu ilə həll edərdim, kommunikasiya məsələləri də həll olunardı, heç II Qarabağ müharibəsi də baş verməzdi. Mən xalqın iradəsini nəzərə alıb qarabağlıların (Qarabağ erməniləri) fikrini nəzərə alıb bu deyilənləri etmədim”.

Paşinyan hakimiyyətinin ilk vaxtlarında Azərbaycanla sülhə getməyə hazır olduğunun siqnallarını vermişdi. Son Soçi və Brüssel görüşlərindən sonra da Paşinyanın bu məsələylə bağlı yanaşmasında yumşalmalar hiss edilir. O, özü də bilir ki, Ermənistan regionda söz sahibi deyil. Regionda qaydalar, oyunlar, münasibətlər dəyişib. Çünki hazırda həm Rusiya üçün, həm də Qərb üçün regionda sülh ən əlverişli seçimdir. Rusiya Qarabağda üçüncü, dördüncü bir qüvvənin peyda olmaması üçün loyallıq göstərir və Paşinyana da tapşırıq verib ki, get bu məsələlərlə bağlı xalqınla iş apar ki, bu münasibətlər yumşalmalıdır. Bunun təsdiqi kimi Moskvada Ermənistan və Azərbaycan mədəniyyət adamlarının, ziyalılarının bir neçə gün öncəki görüşlərini göstərə bilərik”.