“Moldova parlamentinin MDB-dən üzvlüyündən çıxmaq barədə qərarının ardınca prezident Maya Sandu ölkəsinin Rumıniyanın tərkibinə daxil olması barədə təklif irəli sürüb. Bu ideya Rusiya tərəfindən hələlik sakit qarşılansa da, Moskvanın sona qədər səbrli qalacağını gözləmək yanlışdır”. Bu sözləri Musavat.com-a politoloq Azad Məsiyev bildirib.

O qeyd edib ki, Sandunun ideyasının gerçəkləşdirilməsi istiqamətində addımlar atılmağa başlayacağı halda böyük ehtimalla Rusiya buna seyrçi qalmayacaq və hərəkətə keçəcək: “MDB-də müstəqil bir dövlət kimi qalmağı özünə yaraşdırmayan ölkə başqa bir cinahda yer almış dövlətin tərkibinə daxil olursa, əslində, bu nonsensdir. Nə qədər yaxın olsan belə, sən başqa bir dövlətin tərkibinə daxil olursansa, demək, müstəqil dövlət kimi varlığına son qoyulur. İnana bilmirəm ki, Moldova xalqı buna razı olacaq. Bu cür qərarlar referendum keçirilməklə verilməlidir. Referendumda xalqın müstəqil dövlət olmaqdan imtina edib, başqa bir ölkənin tərkibinə daxil olmağa razılıq verməsi inandırıcı deyil. Hətta bu daxil olmanı Avropa İttifaqına qoşulma ilə əsaslandırsalar belə, dövlətin müstəqilliyi hansısa ittifaqlara qoşulmaqdan daha öndə gəlir”.
Ekspert qeyd edib ki, Moldova belə bir addımı rəsmiləşdirmək istəsə Rusiya ilə çox ciddi problemlər yaşayacaq: “Dnestryanı məsələsi kəskin şəkil alacaq, hətta Rusiyanın bölgədəki hərbi qüvvələrini hərəkətə gətirəcəyi də mümkündür. Rusiyanın Moldovanın Avropa İttifaqı və NATO ölkəsinə birləşməsinə imkan verməyəcəyini bəribaşdan söyləyə bilərik”.
Politoloq hesab edir ki, hətta Moldovada Ukrayna ssenarisi işə salına bilər: “Bir sözlə, Moldova liderinin Rumıniyaya birləşmək ideyası ölkəsi üçün çox böyük riskləri özü ilə daşıyır. Moldova bu riskləri gözə almaq üçün böyük imkanlara sahib olmalıdır. Rusiya Moldovada yaşayan rus əhalinin hüquqlarını müdafiəsinə qalxacaq. Onsuz da Rusiya Moldovadakı rus əhalinin müdafiəsinə qalxa biləcəyini bəyan edib. Moldova Rusiyanın əlinə müdaxilə üçün əsas vermiş olacaq. Ukraynadakı ssenari Moldovada təkrarlana bilər. Qərbin Rusiyanı yeni münaqişəyə cəlb etmək planı deyəsən bu dəfə Moldova üzərindən qurulur”.

