Avropanın müxtəlif ölkələrində müşahidə olunan etiraz aksiyaları və iğtişaşlar qitənin üzləşdiyi siyasi, sosial və təhlükəsizlik problemlərini yenidən gündəmə gətirib. İqtisadi çətinliklər, miqrasiya siyasəti ətrafında yaranan mübahisələr və beynəlxalq münasibətlərdə artan gərginlik Avropa cəmiyyətlərində narazılığın dərinləşməsinə təsir göstərən amillər sırasındadır. Baş verən hadisələr yalnız ayrı-ayrı ölkələrin daxili sabitliyi baxımından deyil, Avropanın gələcək siyasi kursu və təhlükəsizlik arxitekturası kontekstində də diqqət çəkir. Mövcud proseslərin səbəbləri və mümkün nəticələri ilə bağlı politoloq Azər Qasımov Editor.az-a açıqlamasında fikirlərini bölüşüb.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Avropanın həyata keçirdiyi, onun fikrincə, qeyri-adekvat miqrasiya siyasəti bu gün Avropa küçələrində baş verən iğtişaşların yaranmasını labüd edən amillərdəndir.
“Məsələ ondadır ki, indiki iğtişaşlar nə qədər kənar təsirlərlə və beynəlxalq güclər arasındakı qarşıdurma fonunda baş versə də, bir o qədər də Avropada mövcud olan yanlış miqrasiya siyasətindən qaynaqlanır. Avropa miqrantları qəbul edərkən onların ideoloji və fərdi xüsusiyyətlərini lazımi səviyyədə nəzərə almır.
Afrika və Yaxın Şərq ölkələrindən, eləcə də Avropa İttifaqına üzv olmayan bir çox dövlətdən müxtəlif səbəblərlə narazı qalan, çətin vəziyyətə düşən, daha yaxşı həyat arzulayan, öz ölkəsində cinayət törədərək Avropaya qaçan və ya hakimiyyətləri ilə problemləri olan şəxslər miqrant kimi qəbul edilərək Avropada sığınacaq ala, hətta vətəndaşlıq əldə edə biliblər. Eyni zamanda, müəyyən şəxslər öz ölkələrinə qarşı təzyiq vasitəsi kimi planlaşdırılaraq bu proseslərdə istifadə olunublar.
Bu durum Avropanın daxili demoqrafik və ictimai strukturuna təsir göstərməklə yanaşı, onun siyasi mənzərəsində də dəyişikliklərə səbəb olub. Nəticədə, Avropada fərqli dünyagörüşünə və qeyri-Avropa dəyərlərinə malik böyük miqrant kütləsi formalaşıb. Beynəlxalq güclər də bu kütlədən bir-birinə təzyiq göstərmək məqsədilə istifadə edirlər.
İğtişaşların arxasında Rusiya və İranın dayandığı bildirilsə də, bu proseslərdə ABŞ-ın rolunu da kiçik hesab etmək olmaz. Avropa Ukraynanı dəstəkləməkdə davam etdikcə, ona qarşı olan tərəfin hücumları da davam edəcək”.
//Gülnarə Abasova, Editor.az

