Azərbaycanda demoqrafik göstəricilərlə bağlı mənfi tendensiya 2026-cı ilin ilk yarısında da davam edib. Belə ki, ölkədə həm doğulan uşaqların, həm də rəsmiləşdirilən nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən də məlum olur ki, 2026-cı ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələrində 40 798 doğum qeydə alınıb. Ötən ilin ilk altı ayında isə bu rəqəm 45 616 olub. Bir il ərzində doğulan uşaqların sayı 4818 nəfər, başqa sözlə, 10,6 faiz azalıb. Əhalinin hər 1000 nəfərinə düşən doğum sayı da 9,0-dan 8,0-a geriləyib.
Demoqrafik vəziyyətdə diqqət çəkən digər məqam nikahların sayında qeydə alınan ciddi azalmadır. 2026-cı ilin ilk yarısında Azərbaycanda 19 224 nikah rəsmiləşdirilib. 2025-ci ilin eyni dövründə isə 24 815 nikah qeydə alınmışdı.Bu isə nikahların sayının bir il ərzində 5 591 və ya 22,5 faiz azalması deməkdir. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da 4,9-dan 3,8-ə enib.
Nikahların azalması doğum göstəricilərindəki geriləmə ilə birlikdə ölkənin gələcək demoqrafik vəziyyəti baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, ailə quranların sayının azalması uzunmüddətli perspektivdə doğum sayının da aşağı düşməsinə təsir göstərə biləcək amillərdən biri hesab olunur.
Digər tərəfdən, Azərbaycanın ümumi əhalisinin sayı artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə əhalisinin sayı 2026-cı ilin əvvəlindən 11 099 nəfər və ya 0,1 faiz artaraq iyulun 1-nə 10 milyon 273 min 450 nəfərə çatıb.
Lakin əhalinin ümumi sayındakı bu artım doğum səviyyəsinin yüksəldiyi anlamına gəlmir. Əhali sayı müəyyən müddət ərzində əvvəlki demoqrafik strukturun və digər amillərin təsiri ilə arta bilər. Bununla yanaşı, doğum sayının azalması uzun müddət davam etdikdə əhalinin yaş strukturu da dəyişir və yaşlı nəslin ümumi əhali içərisində payı yüksəlir. Mövcud tendensiyanın uzun müddət davam etməsi ölkədə demoqrafik yaşlanmanın sürətlənməsinə, əmək bazarına daxil olan gənclərin sayının azalmasına və gələcəkdə sosial təminat sisteminə düşən yükün artmasına səbəb ola bilər.
Digər tərəfdən, davam edən bu tendensiyanın narahatedici səviyyələrə çatması ölkədə uşaq pulu məsələsini yenidən gendəmə gətirib. Sosial şəbəkələrdə, həmçinin ictimai müzakirələrdə yeni doğulan uşaqlar üçün uşaq pulunun verilməsinin sözügedən tendensiyanı zəiflədə biləcəyi fikri irəli sürülür.
Bəs həqiqətən də yaxın dönəm üçün hökumət uşaq pulu məsələsində yumşalmaya gedərək, bu yardımı bərpa edə bilərmi?
Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli “AzPolitika”ya açıqlamasında bildirib ki, nikah və doğum sayında azalmanın davam etməsi demoqrafik siyasətin yenidən nəzərdən keçirilməsini zəruri edir: “Burada məsələ yalnız əhalinin sayının artımı deyil. Doğumların azalması gələcəkdə əmək bazarına daxil olacaq insanların sayının azalması, yaşlı əhalinin xüsusi çəkisinin artması və sosial təminat sisteminə düşən yükün yüksəlməsi ilə nəticələnə bilər. Ona görə də uşaq pulu məsələsinə artıq yalnız sosial yardım kimi deyil, uzunmüddətli demoqrafik investisiya kimi yanaşmaq lazımdır”.
Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə hökumətin doğulan hər uşağa müəyyən məbləğdə birdəfəlik və ya mərhələli maliyyə dəstəyi verməsi real müzakirə mövzusu ola bilər: “Xüsusilə ikinci, üçüncü və sonrakı uşaqlar üçün daha yüksək ödəniş tətbiq etmək mümkündür. Lakin təkcə uşaqpulu doğum səviyyəsini ciddi şəkildə artırmağa kifayət etməyə bilər. Ailələr üçün mənzil, uşaq bağçası, səhiyyə, təhsil və işləyən valideynlər üçün iş imkanları da əlçatan olmalıdır”.
A. Nəsirl daha sonra “Sinqapur təcrübəsi”ni nümunu göstərib:”Bu baxımdan Sinqapurun təcrübəsi maraqlıdır. Sinqapur uzun illərdir doğum səviyyəsinin aşağı olması ilə mübarizə aparır və ailələrə uşağın doğulması ilə bağlı maliyyə dəstəyi, valideyn məzuniyyəti, uşağın hesabına dövlət ödənişləri və digər güzəştləri bir paket şəklində təqdim edir. Yəni dövlət yalnız “uşaq doğulana pul” verməklə kifayətlənmir, uşağın böyüdülməsi ilə bağlı ailənin uzunmüddətli xərclərinin bir hissəsini öz üzərinə götürür”.
A. Nəsirli qeyd edir ki, Azərbaycan üçün də buna bənzər model tətbiq oluna bilər: “Məsələn, hər doğulan uşağa birdəfəlik ödəniş verilməsi ilə yanaşı, müəyyən yaşa qədər aylıq uşaq müavinəti, bağça xərclərinə güzəşt, çoxuşaqlı ailələr üçün vergi və kommunal güzəştləri tətbiq edilə bilər. Xüsusilə aztəminatlı ailələr üçün daha geniş dəstək mexanizmi qurmaq mümkündür. Amma burada çox vacib məqam var. Uşaq pulu elə müəyyən edilməlidir ki, dövlət büdcəsinə idarəolunmaz yük yaratmasın və eyni zamanda ailə üçün real dəstək olsun. Bunun üçün universal ödənişlərlə yanaşı, gəlir səviyyəsinə görə diferensial yanaşma da nəzərdən keçirilə bilər. Məsələn, hər uşağa baza ödənişi, aşağı gəlirli və çoxuşaqlı ailələrə isə əlavə müavinət verilə bilər”.
“Əslində, doğum səviyyəsinin artırılması üçün ən effektiv siyasət “uşaq doğulana görə pul” deyil, “uşaq böyütmək ailəyə ağır maliyyə yükü olmasın” prinsipinə əsaslanmalıdır. Mənzil problemi, uşaq bağçalarının çatışmazlığı, qadınların iş və ailə arasında seçim qarşısında qalması kimi problemlər həll edilmədən yalnız uşaqpulu ilə ciddi demoqrafik dönüş yaratmaq çətin olacaq. Ona görə Azərbaycanda uşaq pulu məsələsinin yenidən gündəmə gəlməsi tamamilə real görünür. Xüsusilə doğum və nikah göstəricilərində azalma davam edərsə, hökumətin demoqrafik siyasət çərçivəsində yeni maliyyə mexanizmləri tətbiq etməsi zərurətə çevrilə bilər. Sinqapur təcrübəsindən çıxarılan əsas nəticə də budur – demoqrafik problemi bir ödənişlə deyil, ailəyə uzunmüddətli və kompleks dəstək sistemi yaratmaqla həll etmək mümkündür”, -deyə ekspert bildirib.
Qeyd edək ki, Azərbaycanda ümumi qaydada bütün uşaqlara şamil olunan uşaq pulu mövcud deyil. Hazırda Azərbaycanda uşaq pulu yalnız beşdən çox uşağı olan qadınlara verilir. Ölkədə beşdən çox uşaq doğub tərbiyə edən qadınlara verilən müavinəti hazırda 2 939 nəfər alır.
Müavinətin verilməsi üçün uşaqların sağ olması şərtdir. Hüquq yarandıqdan sonra müavinət həmin hüququn yaranmasına səbəb olan uşaq 1 yaşına çatdıqda təyin olunur.
Hazırda bu müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.

