Yeni dərs ilinin başlaması ilə uşaqların gündəlik rejimində baş verən dəyişikliklər onların orqanizminə əlavə yük yarada və mövsümi xəstəliklərə həssaslığı artıra bilər.
Editor.az xəbər verir ki, bunu ginekoloq-reproduktoloq Yelena Kryajeva bildirib.
Mütəxəssisin sözlərinə görə, tətil müddətindən sonra yuxu rejiminin pozulması, qidalanmada dəyişikliklər, məktəbə qayıdışın yaratdığı stress, qapalı məkanlarda havanın quru olması və otaqların kifayət qədər havalandırılmaması uşaqların immun sisteminə mənfi təsir göstərə bilər.
Həkim qeyd edib ki, payız aylarında günəş şüalarının azalması da orqanizmdə D vitamininin sintezinə təsir göstərə bilər. Bu səbəbdən uşağın gündəlik rejimində açıq havada gəzintilərə və kifayət qədər fiziki aktivliyə yer ayrılması vacibdir.
Kryajeva uşaqların sağlamlığının qorunması üçün ilk növbədə sabit yuxu rejiminə riayət edilməsini tövsiyə edib. Onun sözlərinə görə, tətildən sonra məktəb rejiminə keçid tədricən həyata keçirilməlidir. Eyni zamanda, evdə və məktəbdə otaqların mütəmadi havalandırılması, havanın rütubətinə diqqət yetirilməsi və uşaqların kifayət qədər hərəkət etməsi önəmlidir.
Mütəxəssis D vitamini çatışmazlığından şübhələnildiyi halda preparatların qəbuluna həkimlə məsləhətləşdikdən sonra başlanılmasını tövsiyə edib.
Həkim qidalanmanın da immun sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, uşağın menyusu balanslı və müxtəlif olmalı, zülal, dəmir, sink, mis, eləcə də B və C qrup vitaminləri ilə zəngin qidaları əhatə etməlidir.
Mütəxəssis bildirib ki, müəyyən qida maddələrinin çatışmazlığı uşağın yaşından və həyat tərzindən asılı olaraq dəyişə bilər. Məsələn, menstruasiya başlayan qızlarda dəmir çatışmazlığı riski daha yüksək ola bilər. Açıq havada az vaxt keçirən uşaqlarda D vitamini çatışmazlığı, tez-tez infeksiyalara yoluxan uşaqlarda isə bəzi mikroelementlərin yetərsizliyi müşahidə edilə bilər.
Kryajevanın sözlərinə görə, uşağın sağlamlığının qorunması yalnız vitamin və qida əlavələrinin qəbulundan asılı deyil. Kifayət qədər yuxu, düzgün qidalanma, fiziki aktivlik, açıq havada gəzinti və stressin azaldılması immun sisteminin dəstəklənməsində kompleks şəkildə rol oynayır.
Həkim həmçinin uşaqların elektron cihazlardan istifadə müddətinə nəzarət edilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, xroniki stress, yuxusuzluq və hərəkətsiz həyat tərzi orqanizmin müdafiə imkanlarına mənfi təsir göstərə bilər.
Mütəxəssis hesab edir ki, uşağın soyuqdəymə və digər mövsümi xəstəliklərə qarşı hazırlanmasına xəstəlik başladıqdan sonra deyil, əvvəlcədən diqqət yetirmək daha məqsədəuyğundur.
//Gülnarə Abasova, Editor.az

