Həkim xəbərdarlıq etdi: təkrarlanan burun qanaması ciddi xəstəliklərin əlaməti ola bilərbackend

Həkim xəbərdarlıq etdi: təkrarlanan burun qanaması ciddi xəstəliklərin əlaməti ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burun qanaması əksər hallarda ciddi sağlamlıq problemi ilə əlaqəli olmasa da, onun tez-tez təkrarlanması və qeyri-adi xarakter daşıması mütləq tibbi müayinəyə ehtiyac olduğunu göstərə bilər.

Editor.az xəbər verir ki, bu barədə otorinolarinqoloq Yekaterina Kutateladze bildirib.

Mütəxəssisin sözlərinə görə, burun qanaması ən çox burun çəpərinin ön hissəsində baş verir. Bu nahiyədə çoxsaylı xırda damarlar selikli qişanın səthinə yaxın yerləşir. Buna görə də bəzən kiçik bir damar zədələnməsi belə qanaxmaya səbəb ola bilər.

Burun selikli qişasının mexaniki qıcıqlanması da qanamaya səbəb olan amillərdəndir. Məsələn, burundakı qabıqları pambıq çubuq və ya digər əşyalarla təmizləməyə çalışmaq damarların zədələnməsinə gətirib çıxara bilər.

Həkim qeyd edib ki, yuxarı tənəffüs yollarında baş verən iltihabi proseslər də burun qanamasını tətikləyə bilər. Xüsusilə rinit zamanı selikli qişa daha həssas olur. Tez-tez burun silmək və güclü sümkürmək isə toxumaların qıcıqlanmasına və damarların zədələnməsi riskinin artmasına səbəb olur.

Bəzi dərmanlar da bu problemin yaranmasına və qanaxmanın daha uzun sürməsinə təsir göstərə bilər. Xüsusilə qan laxtalanmasına təsir edən antikoaqulyant və antiaqreqant preparatları qəbul edən şəxslər təkrarlanan qanaxmalar zamanı bu barədə həkimə məlumat verməlidirlər.

Əgər burun qanaması ilə yanaşı bədəndə səbəbsiz göyərmələr, diş ətlərinin qanaması və ya digər qeyri-adi simptomlar müşahidə olunursa, həkimə müraciət etmək vacibdir. Belə hallarda yalnız burun selikli qişasının vəziyyəti deyil, həm də qanın laxtalanma sistemi yoxlanılmalıdır.

Burun qanaması burun boşluğu və burunətrafı ciblərin xəstəlikləri ilə də əlaqəli ola bilər. Mümkün səbəblər arasında poliplər, burunda yad cismin qalması və müxtəlif törəmələr göstərilir.

Belə hallarda həkimlər burun boşluğunun endoskopik müayinəsini həyata keçirə bilərlər. Bu üsul qanaxmanın mənbəyini daha dəqiq müəyyənləşdirməyə imkan verir. Adi müayinə zamanı aşkarlanması çətin olan problemlərin müəyyənləşdirilməsi üçün isə bəzi hallarda kompüter tomoqrafiyası təyin edilə bilər.

Həkim Yekaterina Kutateladazenin sözlərinə görə, burun qanaması davamlı problemə çevrilibsə, əsas məqsəd yalnız qanaxmanı dayandırmaq deyil, onun yaranma səbəbini müəyyənləşdirmək və mümkün olduğu halda problemin mənbəyini aradan qaldırmaqdır.

//Gülnarə Abasova, Editor.az