Bişkekdə mühüm görüş: Azərbaycan Mərkəzi Asiyada nəyi hədəfləyir?backend

Bişkekdə mühüm görüş: Azərbaycan Mərkəzi Asiyada nəyi hədəfləyir?-Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin strateji xarakterinin daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir. Səfərin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə eyni vaxta təsadüf etməsi isə Azərbaycanın regional və qlobal əməkdaşlıq platformalarında fəal iştirakının əhəmiyyətini artırır. Azərbaycanın nəqliyyat-kommunikasiya imkanları, tranzit potensialı və Mərkəzi Asiya ilə artan siyasi-iqtisadi əlaqələri fonunda bu səfər ölkəmizin xarici siyasət prioritetləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın xarici siyasəti və Mərkəzi Asiya ölkələri ilə münasibətləri baxımından hansı siyasi əhəmiyyətə malikdir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a açıqlamasında bildirib ki, bu gün dünyanın iqtisadi mərkəzi Qlobal Cənuba köçməkdədir:

“Şanxay Əməkdaşlıq Təşkilatı da bu mərkəzlərdən biri, bəlkə də birincisi olan Çinin təşəbbüsü ilə yaradılmışdır. Qlobal Cənubla bizi birləşdirən coğrafi xətt isə, əlbəttə ki, Orta Asiyadır. Yəni Cənub-Şərqi Asiya ilə Orta Asiya bizim aramızda bir körpü funksiyasını həyata keçirir və Orta Asiya, Türkistan coğrafiyası bizim tarixi coğrafiyamızdır. Ona görə də Azərbaycan Prezidentinin Astanaya səfəri həm də bu kontekstdə qiymətləndirilməlidir.

Yeni istehsal və istehlak mərkəzi kimi Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr böyük bir iqtisadi əməkdaşlıq platformasıdır. Azərbaycan isə bu prosesdə həm öz coğrafi mövqeyi ilə, həm özünün iqtisadiyyatı ilə iştirak edir. Coğrafi mövqe Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə Avropanı birləşdirəcək coğrafi mövqedir və Azərbaycanın yaratdığı kommunikasiyalardır. Bu məsələnin birinci tərəfi. İkincisi, Azərbaycanın bu prosesdə həm tranzit, həm tərəfdaş ölkə kimi iştirak etməsidir. Mən düşünürəm ki, ümumi strateji əhəmiyyət bundan ibarətdir və Azərbaycan bu prosesdə öz inkişafını təmin etmək və ölkəmizi daha da gücləndirmək üçün yaxından iştirak edir”.

//Gülnarə Abasova, Editor.az