Keçid balları niyə aşağı düşdü?- Ekspertdən universitetlərlə bağlı SƏRT MESAJbackend

Keçid balları niyə aşağı düşdü?- Ekspertdən universitetlərlə bağlı SƏRT MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali məktəblərə qəbulun nəticələri hər il olduğu kimi bu il də cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə ayrı-ayrı ixtisaslar üzrə formalaşan keçid balları ətrafında yaranan müzakirələr abituriyentlərin hazırlıq səviyyəsi, ali təhsilin əlçatanlığı və universitetlərdə tədrisin keyfiyyəti ilə bağlı müxtəlif suallar doğurub. Lakin keçid ballarında müşahidə olunan dəyişiklikləri yalnız statistik göstərici kimi deyil, ali təhsil sistemində baş verən daha geniş proseslərin fonunda qiymətləndirmək vacibdir.

Builki qəbul nəticələrinin hansı amillərlə bağlı olduğu, keçid ballarının aşağı düşməsinin təhsil sisteminin keyfiyyət göstəricilərinə təsiri və universitetlərin qarşısında dayanan əsas vəzifələr barədə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov Editor.az-a açıqlamasında danışıb.

İlqar Orucov bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri və bir sıra ixtisaslar üzrə keçid ballarının aşağı düşməsi təhsil sisteminin ümumi zəifləməsi kimi deyil, dövlətin makro təhsil siyasətindəki struktur dəyişiklikləri və dinamik tənzimləmə mexanizmləri ilə izah olunmalıdır:

“Məsələyə elmi və analitik səviyyədə yanaşdıqda, keçid balı sabit bir inzibati göstərici deyil. Bu, ayrılan plan yerləri ilə abituriyent sayı, yəni təkliflə tələb arasında formalaşan dinamik, statistik kəsişmə nöqtəsidir. Bu il müşahidə olunan enmənin fundamental səbəbi ali təhsilin kütləviləşdirilməsi və insan kapitalının coğrafi diversifikasiyası strategiyasına uyğun olaraq plan yerlərinin sistematik şəkildə artırılması, həmçinin regional universitetlərin, xüsusilə Qarabağ Universitetinin miqyasının genişləndirilməsi və subbakalavr kontingentinin inteqrasiyasıdır.

Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə alətlərində bu il çox doğru olaraq tətbiq olunan yeni metodologiya, yəni əzbərçiliyi sıxışdıran, tənqidi təfəkkür və situasiya analizini ölçən açıq tipli tapşırıqların payının artırılması ümumi bal paylanmasında daha real və hesab edirəm ki, həm də konsolidasiya olunmuş bir çərçivəyə gətirib çıxarmışdır.

Təhsil sistemi baxımından bu tendensiya narahatedici böhran siqnalı kimi dəyərləndirilməməlidir. Əksinə, sosial inklüzivliyin və təhsilə əlçatanlığın artmasının göstəricisi kimi dəyərləndirilməlidir. Müasir pedaqogikada qəbul imtahanı keçilməz bir maneə deyil. Sadəcə, bu, müəyyən filtr rolunu oynamalıdır. Əsas keyfiyyət ölçüsü tələbənin universitetə hansı bal ilə daxil olması kimi dəyərləndirilsə də, növbəti dörd illik akademik mühitdə hansı kompetensiyaları qazanması və əmək bazarında necə rəqabətədavamlı kadra çevrilməsi ilə də ölçülür”.

O bildirib ki, bu situasiya universitetlərin üzərinə daha böyük institusional məsuliyyət qoyur:

“Belə ki, onların daxili akademik keyfiyyəti kursdan-kursa keçid filtrini sərtləşdirməyə və fəaliyyətlərini qəbul balları ilə deyil, məzunların işlə təmin olunma indeksi ilə ölçməyə sövq etməlidir. Beləliklə, əslində, mən düşünürəm ki, kurstdan-kursa keçid və universiteti bitirməklə bağlı ciddi filtrlər mütləq şəkildə tətbiq olunmalıdır. Belə olmasa, əgər tutaq ki, məsələn, mən nümunə üçün deyirəm, tutaq ki, müəllim hazırlayan və dövlətin nümunəvi diplomunu verən universitetin məzunu – hansı ki, orada müəllim ixtisasını dövlət nümunəli sənədlə təsdiq edərək almış şəxs – növbəti mərhələdə, tutaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq olunan Müəllimlərin İşə Qəbulu imtahanında aşağı nəticə qazana bilməz.

Deməli, burada paradoks var. Paradoks ondan ibarətdir ki, necə ola bilər? Sən Elm və Təhsil Nazirliyi olaraq həm bu şəxsə diplom vermisən, dövlətin sənədini vermisən, orada qeyd eləmisən ki, bu müəllim ixtisası qazanıb, amma o gəlir, imtahandan keçə bilmir. Deməli, burada paradoks var. Ona görə də mən əslində bu kimi məsələlərə yanaşmada daha çox növbəti addımda görmək lazım olan işlərə diqqəti cəlb eləmək istəyərdim.

Əslində bu suala təkcə keçid ballarının aşağı düşməsi və bunun nəticələrin zəiflədiyi baxımından yox,universitetlərimizin yanaşması baxımından nəzər salaq. O abituriyentlər, hansı ki uğur qazanıblar onlar universitetə daxil olduqdan sonra hansı bilik, bacarıq, kompetensiyalar və səriştələr əldə edə bilirlər və onlar aldıqları diplomla özlərini bütövlükdə real əmək bazarında reallaşdıra bilirlər, yoxsa yox, buna diqqət etmək lazımdır”.

Gülnarə Abasova, Editor.az