Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin və “ŞƏT plyus” formatı iştirakçılarının öz töhfələrini artıra biləcəkləri istiqamətləri açıqlayıb.
“Report”un Bişkekə ezam olunmuş müxbiri xəbər verir ki, o, bunu “ŞƏT plyus” formatında keçirilən yüksık səviyyəli görüşdə bildirib.
Japarov preventiv diplomatiyanın inkişafını birinci istiqamət adlandırıb.
“Biz siyasi fikir ayrılıqlarının böhrana, böhranın isə silahlı qarşıdurmaya çevrilməsindən əvvəl hərəkət etməyi öyrənməliyik. Bunun üçün hətta tərəflərin mövqeləri ciddi şəkildə fərqləndiyi zaman da ünsiyyət kanallarını qoruyub saxlamaq lazımdır”, – o bildirib.
Prezident ikinci istiqamət olaraq terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə siyasi qarşılıqlı fəaliyyətin gücləndirilməsini, üçüncü istiqamət olaraq isə ədalətli və davamlı inkişafın təmin edilməsini qeyd edib.
Onun sözlərinə görə, ŞƏT-in iqtisadi, nəqliyyat, enerji və rəqəmsal layihələri davamlı inkişaf məqsədləri ilə sıx bağlı olmalıdır.
Japarov həmçinin vurğulayıb ki, ədalətli çoxqütblü dünya kiməsə qarşı deyil, hər kəsin rifahı naminə qurulmalıdır.

