ABŞ-ın maliyyə naziri Skott Bessent “Böyük Yeddilik” (G7) ölkələrini Çinlə ticarət əlaqələrinin şərtlərinə yenidən baxmağa çağırıb.
Editor.az xəbər verir ki, Bessentin sözlərinə görə, dünya Çinin 1,2 trilyon dollara çatan ticarət profisitinə laqeyd qala bilməz. O bildirib ki, digər ölkələr Pekinlə ticarət münasibətlərinin mövcud şərtlərini dəyişdirməlidir.
ABŞ maliyyə naziri Çinin iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün əsasən ixraca arxalandığını qeyd edib. Onun fikrincə, Pekinə təzyiq göstərilməli və Çin iqtisadiyyatında xarici bazarlardan asılılığın azaldılması, daxili tələbin isə stimullaşdırılması istiqamətində addımlar atılmalıdır.
ABŞ Çin məhsullarına 7,5 faiz həcmində gömrük rüsumu tətbiq etmək niyyətindədir. Vaşinqton bu addımı Çində istehsal güclərinin həddindən artıq artması ilə əsaslandırır.
Avropa İttifaqında da Çinlə ticarət balansının pisləşməsi ilə bağlı narahatlıq ifadə olunur. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl bildirib ki, Aİ ilə Çin arasındakı ticarət disbalansı artmaqda davam edir və hazırda gündə təxminən 1 milyard avroya çatıb.
Onun sözlərinə görə, ilk dəfə olaraq Avropa İttifaqının bütün 27 üzv dövlətində Çinlə ticarətdə mənfi saldo qeydə alınıb. Son beş il ərzində Çindən Avropaya idxalın həcmi 45 faiz artıb, Avropa məhsullarının Çin bazarına ixracında isə mənfi dinamika müşahidə olunub. Cari ildə Aİ-nin Çinlə ticarət kəsiri daha 10 faiz artıb.
Bessentin açıqlaması ABŞ və Avropa ölkələrində Çinin ixrac yönümlü iqtisadi modelinə və qlobal ticarətdə artan payına dair narahatlıqların gücləndiyi bir vaxtda səslənib.
//Gülnarə Abasova, Editor.az

