Ermənistanın eks-prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan bu günlərdə Moskvada olub. Yerli media yazıb ki, o, Putinlə söhbətdə hazırda ev dustaqlığında olan rusiyalı milyarder, “Güclü Ermənistan” hərəkatının təsisçisi Samvel Karapetyandan şikayət edib. Hərgah, Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan bunu təkzib edib. O, xüsusi qeyd edib ki, səfər şəxsi xarakterli olub və “yayılan məlumatlar yalandır”.
Əslində, erməni mediasının yazdığı inandırıcıdır. Birinci ona görə ki, radikal müxalifətin Köçəryan ətrafında birləşməsinə ən çox elə Karapetyan və tərəfdarları əngəl olub. Əksi qeyri-mümkündür. Yəni, siyasi iddiaları böyük olan Köçəryan özündən “zəif, bacarıqsız və təcrübəsiz” saydığı Karapetyanın xeyrinə namizədliyini geri götürməz. Bunu özünə sığışdırmaz.
Daha bir səbəbə: Putinin dostu son dəfə ictimai rəydə reabilitasiya olunmağı və qalib gələrsə, Nikol Paşinyanı həbsə atmağı çox arzu edir. Bu isə baş nazirlik postunu tutmaqdan keçir. Lakin ölkədəki rəy sorğuları Köçəryanın reytinqinin illərdir aşağı olduğunu (5.5) göstərir. Əksinə, Samvel Karapetyanın yaratdığı hərəkat hakim partiyadan sonra ikinci sırada gəlir (14.7%). Yəni, söhbət həm də qısqanclıqdan gedir…
Doğrudur, Köçəryan da Kremlin sadiq köpəklərindəndir, amma Moskva qarşıdakı kritik seçkilərdə praqmatizmi üstün tutmaq zorundadır. Dəstək böyük ehtimalla, daha yaxşı şansı olan Samvel Karapetyana və onun qurumuna veriləcək.

Radikal-revanşistlər düşərgəsində didişmə və pərakəndəlik isə sözsüz ki, Nikol Paşinyana sərfəlidir. Çünki müxalif bloklar seçki barajını aşıb parlamentə düşsə belə, ziddiyyətli mövqelər və “mənəm-mənəmlik” səbəbindən koalisiya qura bilməyəcəklər. Hərçənd, bir çox məsələlərə onlar xeyli dərəcədə oxşar baxışlara malikdir.
Misal üçün, bu qüvvələr Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sənədini dəyişəcəklərini gizlətmirlər. Hazırkı “müharibə konstitusiyasını” dəyişdirməyi vacib hesab etmirlər. Mifik “artsax xalqının hüquqlarından” dəm vurmağa davam edirlər. Eyni zamanda, “Rusiyasız Ermənistan məhv olacaq” yanlış narrativini irəli aparmağa çalışırlar.
Qısası, revanşistlər erməni cəmiyyətini köhnə əyyama qaytarıb Paşinyanın dediyi kimi, yeni müharibəyə tuş eləmək istəyirlər. Bunu dilə gətirməsələr də. Halbuki Nikol Paşinyan əyani sübut elədi ki, Rusiyasız Ermənistan qat-qat müstəqil və suverendir, nəinki tərsinə.
Sərhədlərin və kommunikasiyaların qismən açılması, Azərbaycandan Ermənistana vaxtaşırı ərzaq, yanacaq və digər məhsulların daşınması, qarşılıqlı etimad quruculuğu sahəsində atılan permanent addımlar, sülh müqaviləsinin paraflanması, bir ildən çoxdur sərhəddə atışmanın, ölüm-itimin olmaması və s. – bütün bunlar təbii ki, Rusiyanın iştirakı olmadan həyata keçib. Ümumiyyətlə, tarixi təcrübə göstərir ki, rusun “barmağı” olmayan yerdə barışıq və anlaşma qat-qat tez bərqərar olur.
Ermənistan parlamentinin spikeri Alen Simoyan isə bu günlərdə bəyan elədi ki, Ermənistanın təhlükəsizliyi birbaşa Azərbaycanla bağlıdır. Təbi ki, Türkiyə amili də var. Odur ki, bir daha erməni toplumuna səslənmək gərəkir: Ermənistan adlı simvolik dövlətin var olub inkişaf eləməsini arzu edirsinizsə, bu iki qonşudan möhkəm yapışın! Məgər hələ də aydın deyil ki, başınıza indiyədək nə gəlibsə, məhz onlara elədyiniz xəyanət və namərdlik üzündən gəlib? İyunun 7-də bu tərəddüdə yağlı bir NPQTƏ qoymaq zamanıdır. Qoyulacaqmı?
Bir şey qalmayıb…
Musavat.com

