Azərbaycan Prezidenti: Biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik

00:14 | 23 Yanvar, 2019

Biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir: “Azərbaycanın bu təşəbbüsünün və layihənin çox fəal üzvünə çevrilməsi üçün biz əlimizdən gələni etmək istəyirik. Fikrimizcə, biz nəqliyyat şəbəkəsini Avropaya qədər uzatmışıq və Bakı-Tbilisi-Qars dəmir yolunu çəkməklə xətləri birləşdirdik. Lakin Çindən Avropaya doğru başlayan daşımaların çox sayda istiqamətləri var. Buna görə, biz bu prosesdə daha yaxından iştirak etmək arzusundayıq. Bu məqsədlə, əlbəttə ki, Mərkəzi Asiyada, Gürcüstanda, Türkiyədə və Avropadakı tərəfdaşlarımızla işləyirik. Təbii ki, əsas məqsədimiz Çindən yükləri qəbul etməkdən və onların daşınmasını təmin etməkdən ibarətdir. Azərbaycan daxilində hər şey hazırdır. Hazırda Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Bu, əsasən, tankerlər və digər yük gəmiləridir. Onlar Şərqdən Qərbə və geriyə malları daşıyırlar. Əlbəttə ki, daha çox Çin şirkətlərinin Azərbaycanda işlədiyini, ölkəmizə sərmayə qoyduğunu, yeni imkanlar tapdıqlarını görmək istərdik. Beləliklə, “Bir kəmər, bir yol” bizim üçün həqiqətən çox əhəmiyyətli layihədir. Biz onu qəti şəkildə dəstəkləyirik və onun çatışmayan hissəsinin yaradılmasına töhfə vermişik”.

İlham Əliyev bildirib ki, əvvəllər Bakıdan başlayan və Türkiyəyə gedən dəmir yolu əlaqəsi yox idi və Asiyadan gələn yüklər Azərbaycan üzərindən Gürcüstanın Qara dənizdəki limanına daşınırdı: “Türkiyəyə dəmir yolunun çəkilməsi ilə yüklər artıq Aralıq dənizinin sahilinə çatdırılır və eyni zamanda, dəmir yolu ilə birbaşa Avropaya daşınır. Buna görə, o, xərclərə qənaət, vaxt baxımından sürətli daşınma və bizim üçün daha çox gəlirin əldə olunması deməkdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin sonunda açıldı. Bakının dəniz limanı ərazisində böyük mərasim təşkil edilmişdi və biz birinci yükü yola saldıq. Yeri gəlmişkən, biz, həmçinin Çindən yükləri artıq qəbul etməyə başlamışıq”.

Prezident vurğulayıb ki, Azərbaycanın başlatdığı və ya qoşulduğu bütün layihələr bizim tərəfdən tamamlanıb: “Azərbaycandan Aralıq dənizinə boru kəmərinin çəkilməsi haqqında düşünməyə başlayanda bizim də ətrafımızda çox skeptik yanaşma müşahidə olunurdu. Bunun mümkünsüz olacağı, heç zaman baş verməyəcəyi ilə bağlı çoxsaylı spekulyasiya, təhlillər və məqalələr oldu. Lakin bu, baş verdi. Onlardan bəziləri, sadəcə, informasiyanın çatışmadığı, mümkünsüz görünən bu layihəni icra etməkdə qətiyyətimiz barədə məlumatın olmaması ilə bağlı idi. 2000-ci ilin əvvəlində həmin layihəni başladığımız zaman Azərbaycan bu gün olduğu qədər güclü deyildi. O vaxt biz xarici maliyyə dəstəyindən çox asılı idik. Skeptik ideyaların çox böyük qismi qeyri-ədalətli yarışma cəhdləri ilə bağlı idi. Mən bunu bu cür diplomatik formada təsvir edirəm. Buna görə, biz cavab tədbiri görmədik. Biz bildirdik ki, görəcəyimiz işlə cavab verəcəyik. Biz nəticələrlə cavab verməli idik. Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında uzunluğu təxminən 2 min kilometr olan boru kəməri çəkildikdən sonra hamı gördü ki, biz skeptik düşüncəni darmadağın etdik”.

Dövlət başçısı bildirib ki, eyni yanaşma, daha böyük layihə olan Cənub Qaz Dəhlizində müşahidə olundu: “Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard ABŞ dolları olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürəkkəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, bunu edəcəyik. İndi, demək olar ki, həmin layihə tamamlanmaq üzrədir. Buna görə, biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik. Bundan fərəhlənə bilərik. Hazırda isə həmin layihəyə skeptik yanaşanların səsini artıq eşitmirik”.

İlham Əliyev əlavə edib: “Bu yaxınlarda biz Çin vətəndaşları üçün viza məhdudiyyətlərini aradan qaldırmışıq. Hazırda Azərbaycana səfər etmək istəyən hər kəs öz evindəki kompüter vasitəsilə maksimum üç gün və hətta bəzən bir neçə saat ərzində elektron viza ala bilər. Bu, tərəfdaşlığımızın təzahürü olaraq, Çin vətəndaşlarının ölkəmizə səfərləri üçün daha yaxşı imkanların yaradılmasına görə edilmişdir. Ticarətimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik. Artıq yaxşı nəticələrimiz var. Biz Çində Azərbaycan şərabları evlərini açmışıq. Biri Şanxaydadır, digəri isə başqa şəhərdədir. Çində təşkil olunan böyük sərgilərdə dövri olaraq öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazara çıxışı əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır. Artıq söylədiyim kimi, biz onları daha çox sərmayədar, ticarət aparan tərəf, podratçı kimi görmək istərdik. İşləyəcəyimiz daha çox sahələr var. Əlbəttə ki, Azərbaycanda, həmçinin onun enerji sektorunda işləyən Çin şirkətləri var. Lakin hesab edirəm ki, bu, istədiyimiz qədər deyil. Bu, xüsusən də podratçı və ticari layihələrə aiddir. Fikrimcə, biz bunu birgə etməliyik və bizim üçün bu, əsas prioritetlərdən biridir. Biz bu yaxınlarda ticarət nümayəndəliklərini yaratmağa başlamışıq. Azərbaycanın ilk ticarət nümayəndəliklərindən biri Çində açıldı. Bütün bunlar ticarət sahəsində güclü tərəfdaşlığı qurmaqda, insanlar arasında təmasların yaradılmasında iradəmizi nümayiş etdirir. Bu isə, avtomatik olaraq, həyatımızın bütün başqa sahələrinə müsbət təsir göstərəcək”.

// Trend