Estoniya prezidenti Alar Karis Marqus Laidreni Rusiyadakı səfir vəzifəsindən geri çağırıb. Bu gün, fevralın 7-də səhər saatlarında Laidre ölkəni tərk edib.
Bu, Rusiya ilə Estoniya arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsinin nəticəsidir.
Editor.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat verib. Günün ikinci yarısında Estoniya səfirliyində Laidrenin Rusiya Federasiyası ərazisini tərk etdiyi təsdiqlənib. ERR xəbər verir ki, Marqus Laidrenin vəzifəsindən kənarlaşdırılması ilə bağlı Estoniya prezidentinin fərmanı dünən, fevralın 6-da imzalanıb.
Qeyd edək ki, Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipaev də Tallini tərk edib Rusiyaya qayıtmalı olub. Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib ki, Rusiyadakı səfirliyin bağlanması və bütün rusiyalı diplomatların ölkədən çıxarılması ölkə hakimiyyətinin planlarına daxil deyil.
//Samir Qurbanov, Editor.az