Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Editor.az-a verilən məlumata görə, saxlanılan şəxs şifahi sorğu sual zamanı üzərində qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, yaxud psixotrop maddənin olmadığını bildirib.
Lakin hərəkətləri şübhə yaratdığından Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı – düz bağırsağında 3 büküm aşkarlanıb. Bükümlərdən birində qablaşdırması ilə birlikdə çəkisi 200 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə – heroin, digər iki bükümdə isə qablaşdırması ilə birgə çəkisi 104 qram olan ağ, xırda kristal halda psixotrop maddə – metamfetamin olduğu məlum olub.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.