Avstraliyalı alimlər plastik çaydanlıqların insan orqanizminə mikroplastik və nanoplastik hissəciklərin daxil olmasına səbəb ola biləcəyini açıqlayıblar.
Editor.az xəbər verir ki, araşdırmaya görə, yeni polipropilen çaydanlıq ilk qaynadılmadan sonra suya hər millilitr üçün təxminən 12 milyon nanoplastik hissəcik buraxa bilir. Tədqiqat “NPJ Emerging Contaminants” jurnalında dərc olunub.
Mütəxəssislər səkkiz müxtəlif plastik çaydanlıqda aparılan analiz zamanı müəyyən ediblər ki, ən yüksək plastik ayrılması ilk istifadə zamanı baş verir. Alimlərin hesablamalarına əsasən, bir fincan çayda milyardlarla plastik hissəcik ola bilər.
Araşdırma zamanı məlum olub ki, çaydanlıqdan ayrılan plastik hissəciklərin miqdarını azaltmaq mümkündür. Bunun üçün mütəxəssislər cihazı ilk istifadədən əvvəl bir neçə dəfə qaynadıb suyu boşaltmağı tövsiyə edirlər. Həmçinin sərt mineral tərkibli suyun istifadəsi daxildə ərp təbəqəsi yaradaraq hissəciklərin yayılmasını müəyyən qədər azalda bilər.
Alimlər qeyd ediblər ki, mikroplastikin insan sağlamlığına tam təsiri hələ də araşdırılır. Bununla belə, əvvəlki tədqiqatlar bu hissəciklərin bağırsaq, ağciyər və sinir sistemi xəstəlikləri ilə əlaqəli ola biləcəyini göstərib.
//Gülnarə Abasova, Editor.az


