Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən “Papa mojet” sosislərində salmonella aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu məlumatı “SHOT PROVERKA” “Telegram” kanalı üzə çıxarıb.
Qeyd olunur ki, təhlükəli qida məhsulu Ostaşkov yaxınlığında yerləşən “Çayka” düşərgəsində tapılıb.
“Rosselxoznadzor” tərəfindən “Papa mojet” brendinə məxsus “Moloçnıye Premium” sosisləri analizə götürülüb. Laboratoriya yoxlaması nəticəsində məhsulda patogen mikroorqanizmlər, o cümlədən salmonella bakteriyası müəyyən edilib.
İnfeksiyaya yoluxmuş məhsul yüksək hərarət, qusma, ishal və susuzlaşma ilə müşayiət olunan qida zəhərlənməsinə səbəb ola bilər. Bu xəstəlik xüsusilə uşaqlar üçün böyük risk daşıyır.

Sözügedən sosislər Smolensk vilayətindəki “Qaqarin-Ostankino” müəssisəsində istehsal olunub. Tədqiqatların yekunlarına əsasən, məhsulun təhlükəsizlik standartlarına cavab vermədiyi təsdiqlənib.
Daha əvvəl də “Ostankino MPK” istehsalı olan südlü sosislərdə salmonella, hisə verilmiş servelatda qadağan olunmuş mikrob transqlütaminazası, yəni “ət yapışqanı” aşkarlanmışdı. Təkrar qayda pozuntularından sonra “Rosselxoznadzor” müəssisə məhsullarının laborator nəzarətini gücləndirərək ixracın dayandırıla biləcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, adıçəkilən sosis məhsulları ölkəmizdə də kifayət qədər məşhurdur…

