Paşinyan Avropaya qaçır, Putin sakitdir – ŞOK DETALLARbackend

Paşinyan Avropaya qaçır, Putin sakitdir – ŞOK DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlaması ilə İrəvan-Moskva münasibətlərində onsuz da artan gərginliyin üzərinə “benzin töküb”. O bildirib ki, Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlamaq niyyətindədir. Paşinyanın sözlərinə görə, əvvəlcə Aİ-yə rəsmi müraciət edilməli, bundan sonra mümkün referendum üçün yol xəritəsi hazırlanmalıdır. Ermənistan parlamenti isə hələ 2025-ci ilin martında Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib.

İrəvanın Avropa kursu artıq sadəcə siyasi bəyanatlar səviyyəsində qalmır, mərhələli şəkildə rəsmi prosedura çevrilmək istiqamətində irəliləyir. Paşinyan daha əvvəl də Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqına eyni vaxtda üzv ola bilməyəcəyini etiraf edib. Bu isə İrəvanın qarşıdakı dövrdə seçim qarşısında qala biləcəyini göstərir.

Moskvanın rəhbərlik etdiyi iqtisadi-siyasi platformada qalmaq, yoxsa Avropa inteqrasiyası yolunu seçmək?

Məsələ Ermənistanın daxili siyasəti ilə də məhdudlaşmır. Çünki İrəvanın Aİ-yə doğru atacağı hər bir ciddi addım Moskvanın Cənubi Qafqazdakı mövqelərinə birbaşa təsir göstərə bilər. Rusiya artıq Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində hərəkətlərinin Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki öhdəliklərlə ziddiyyət yarada biləcəyini bildirir.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan üçün Aİ istiqamətindən daha çox Aİİ çərçivəsində inkişaf perspektivlərinin olduğunu vurğulayıb.

İrəvan bununla yanaşı, Rusiya ilə iqtisadi əlaqələri birdən-birə qoparmaq imkanında deyil. Ermənistan hələ də Aİİ-nin üzvüdür və Rusiya onun əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Hətta son dövrdə Ermənistanın Rusiyaya ixracı ilə bağlı yaranan problemlər Paşinyanı Vladimir Putinlə bu məsələləri müzakirə etməyə vadar edib. Bu mənzərə göstərir ki, İrəvanın qarşısında kifayət qədər mürəkkəb geosiyasi və iqtisadi dilemma dayanır. Digər tərəfdən, Ermənistan Konstitusiyasına görə, ölkənin fövqəlmilli beynəlxalq təşkilatlara üzvlüyü məsələsi referendum yolu ilə həll edilməlidir. Paşinyanın açıqlaması da göstərir ki, İrəvan referendum məsələsini rəsmi müraciətdən və zəruri hazırlıq mərhələlərindən sonra gündəmə gətirməyi planlaşdırır.

Bu baxımdan Paşinyanın son bəyanatı sadəcə Avropaya inteqrasiya niyyətinin ifadəsi deyil. Bu, eyni zamanda Ermənistanın xarici siyasət vektorunun dəyişdirilməsi istiqamətində daha konkret addım kimi görünür. Əgər İrəvan həqiqətən Aİ-yə rəsmi müraciət etsə, bu, Ermənistan-Rusiya münasibətlərində yeni və daha sərt mərhələnin başlanmasına səbəb ola bilər.

Moskva Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciətinə necə reaksiya verəcək? Rusiya İrəvana qarşı iqtisadi təzyiq rıçaqlarından istifadə edə bilərmi? Ermənistanın Aİ-yə üzvlük prosesi onun Aİİ-dən çıxmasını sürətləndirəcəkmi?

eli_zulfuqaroglu.jpg (30 KB)

Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bunları deyib:

“Əslində, Ermənistan-Rusiya xəttində pərdəarxası proseslərlə səhnədə olan vəziyyət tamamilə fərqlidir. Hazırda Ermənistanın Qərbə yönəlik siyasəti Rusiya üçün təhdidlər yaratmır. Digər tərəfdən, Ermənistanın Rusiyadan ciddi iqtisadi asılılığı var. Bu da imkan verir ki, Rusiya Ermənistana nəzarəti əlində saxlaya bilsin. Görüntü olaraq Ermənistan-Rusiya gərginliyi hər iki ölkəyə sərf edir. Ermənistanın Qərbdən dəstəyi artır, Rusiya isə sanksiyaya məruz qalan məhsulları Ermənistan vasitəsilə əldə edir və ya satır. Bu durum dolayısı ilə bir sıra Avropa ölkələrinə də sərf edir. Seçkiöncəsi iki ölkə arasında gərginlik daha da artmışdı. Rusiyanın məqsədi Paşinyanın hakimiyyətdə qalması şərtilə müxalifətin parlamentdə daha çox yerə sahib olması idi ki, bu da müəyyənləşdirilmiş ssenari üzrə baş tutdu. Real durumu tam təsəvvür edə bilmək üçün Ermənistanla Rusiya arasında Ukrayna müharibəsi başlayana qədər və ondan sonrakı dönəmdə ticarət dövriyyəsinin həcminə nəzər salmaq kifayətdir. Təbii ki, Avropa İttifaqına daha yaxın siyasət yürütmək və ya üzv olmaq Ermənistana ilk növbədə geosiyasi üstünlük qazandıra bilər. Xüsusilə Ermənistana investisiya axını baxımından. Amma bu reallaşsa belə, Ermənistanın Rusiyadan iqtisadi asılığını tam aradan qaldıra bilməz. Real vəziyyət isə belədir ki, hələ də Ermənistanın Avropa İttifaqına üzv olması mümkün deyil. Ermənistan üçün prioritet və real siyasət Türkiyə ilə münasibətləri normallaşdırmaqla sərhədlərin açılması və Avropa ilə quru əlaqələrin yaranmasıyla geosiyasi üstünlük əldə etməkdir. Ruisyanın isə bundan ciddi narahatlıq duyduğunu düşünmürəm. Ona görə də yaxın perspektivdə iki ölkə arasındakı prosesdə ciddi dəyişikliyin olacağı ehtimalı azdır”.

Müsavat.com